İstirahət günlərindən sonra işə asan şəkildə necə adaptasiya ola bilərik?
İstirahət günlərindən sonra işə asan şəkildə necə adaptasiya ola bilərik?

"Uzunmüddətli tətil və bayram günlərindən sonra işə və dərsə adaptasiya hər zaman çətin olur".

Bu sözləri E-saglam.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, bayram günlərinə qədər insanlar daha intensiv çalışırlar ki, istirahət günlərini səmərəli istifadə etsinlər: "Bir növ özlərini "bazar günü gələcək" effekti ilə hazırlayırlar. 6 gün işləyirik, 1 gün dincəlirik prinsipi var.

Həmçinin də bayram günlərində elə düşünürlər ki, artıq biz neçə müddət çalışırıq və bayram günlərində istirahət edəcəyik. Bu prosesin özü uzun müddət çəkdiyinə görə, elə tətil bitənə yaxın insanlar o effekti hiss edirlər ki, artıq yenidən işə başlamalı olurlar. Ona görə də birindən digərinə keçid çətin olur. İşdən istirahətə keçid asan, istirahətdən işə isə keçid çətindir".

Psixoloq vurğulayıb ki, ilk iş günü, yaxud dərs günü çox yüklənmək olmaz. Çalışmaq lazımdır ki, daha ehtiyatla, yavaş-yavaş işə adaptasiya olaq: "Birdən-birə işlə yüklənmək psixoloji yanma sindromu gətirir.

Burada əsas məsələ qidalanmamız və yuxu rejimimizdir. İstirahətin bitməsinə bir gün qalmış istirahətimizi yekunlaşdırsaq yaxşı olar. Həmin müddətdə özümüzü işə hazırlayaq ki, özümüzü ilk iş günündə psixoloji olaraq daha sərbəst və rahat hiss edək".

Könül Oruc

E-saglam.az