
Dezodorantlardan istifadə zamanı yalnız məhsulun tərkibi və qoxusu deyil, tətbiq vaxtı da təsirə birbaşa təsir göstərir. Dermatoloqlar bildirirlər ki, dezodorantın düzgün vaxtda istifadəsi onun effektivliyini xeyli artırır.

E-saglam.az xəbər verir ki, Tuluza Universitet Xəstəxanasının həkim stajçısı Carla Valette TikTok platformasında verdiyi açıqlamada bu məsələyə diqqət çəkib. Onun sözlərinə görə, bir çox insan dezodorantı səhər saatlarında tətbiq edir, halbuki bu, effektivlik baxımından ən uyğun zaman deyil.
Dezodorantı gecə tətbiq edin
Valette izah edir ki, tər vəziləri gecələr, xüsusilə də istirahət zamanı, gündüzə nisbətən daha az aktiv olur. Bu isə o deməkdir ki, duşdan sonra təmiz qoltuqaltı nahiyələrinə dezodorant çəkmək məhsulun dəriyə daha yaxşı sorulmasına və təsir müddətinin uzanmasına şərait yaradır. Belə olduqda, gün ərzində əlavə tətbiqə ehtiyac qalmır.
Əgər sizin həyat tərziniz fərqlidir və gecələr aktiv olub gündüzlər dincəlirsinizsə, bu halda dezodorantdan istifadə vaxtınızı həyat ritminizə uyğunlaşdırmalısınız.
Dezodorantın təsiri nə vaxt maksimum olur?
Ekspertlərin fikrincə, dezodorantın ən az tər ifraz olunan vaxtda – yəni bədənin daha passiv olduğu dövrlərdə tətbiq olunması onun təsirini artırır. Bu yanaşmanı Journal of the American Academy of Dermatology jurnalında dərc olunan araşdırma da dəstəkləyir. Bildirilir ki, dezodorantlar bu şəkildə istifadə olunduqda 24 saat və daha uzun müddət effektiv qala bilir.
Bütün bunlar dezodorantların niyə “24 saat təsirli” kimi təqdim edildiyini daha aydın izah edir. Gecə saatlarında istifadə edilən məhsullar dəriyə sorularaq 8-12 saat ərzində təsir göstərməyə başlayır və sonrakı gündə, iş və ya idman zamanı da tər qoxusunun qarşısını almaqda davam edir.
Əgər hal-hazırda istifadə etdiyiniz dezodorantın təsir etmədiyini düşünürsünüzsə, məhsulu dəyişmək əvəzinə onun tətbiq vaxtına yenidən baxın. Bəzən kiçik bir vaxt fərqi böyük nəticələr verə bilər.
Tərcümə: Könül Oruc