Hər iki valideyn uşağa ya “Hə”, ya da “Yox” deməlidir
Hər iki valideyn uşağa ya “Hə”, ya da “Yox” deməlidir

Uşaqların düzgün tərbiyə olunması hər bir valideyni narahat edən məsələlərdəndir. Hər kəs uşağı üçün hər şeyin yaxşısını istəyir.

Amma əsas olan odur ki, uşağımıza bunu verə bilirikmi? Övladlarımızı düzgün tərbiyə edə bilirikmi? Bəs düzgün tərbiyəni necə aparmaq lazımdır?

Mövzu ilə bağlı E-saglam.az-a danışan psixoloq Zeynəb Əyyubova deyir ki, uşaq dünyaya gəldiyi gündən etibarən ilk növbədə eynilik və davamlılıq prinsipi ilə böyüməlidir.

Bəs eynilik və davamlılıq prinsipi nədir?

Psixoloqun deyir ki, uşağa doğulduğu gündən etibarən ən az 2-3 yaşına qədər ona eyni insanlar qulluq etməlidir: “Uşağa qulluq edən insan tez-tez dəyişilməməlidir. Yəni, uşağın öyrəşdiyi insan bir, iki, ən maksimal həddə üç adam ola bilər.  

“Uşağın bağlanmaq kimi bir alışqanlığı olmur”

Z.Əyyubovanın sözlərinə görə, bəzən bizim valideynlər məlumatsızlıqdan, yaxud digər səbəblərdən gündə bir dayə, yaxud bağça dəyişir: “Bunlar uşağın tərbiyəsinə mənfi təsir edir. Çünki hər uşağın bağlanma müddəti olur. Belə olan halda uşaq hər gün bir insana bağlanır. Və beləliklə, uşağın bağlanmaq kimi bir alışqanlığı olmur. Uşaq böyüyür 25-30 yaşına gəlib çatanda ailəsinə bağlı olmur və s. kimi problemlər ortaya çıxır”.

Hər iki valideyn, ya “Hə”, ya da “Yox” deməlidir

Psixoloq xüsusi olaraq vurğulayır ki, atanın,  və ya ananın “yox” dediyinə, hər iki valideyn yox desin: “Bir valideynin “hə” dediyinə, digəri “yox” deməsin. Misal üçün, mən anayam, uşağa şokolad vermirəm. Ata deyir ki, eybi yox ver. Yaxud nənə-baba olan evlərdə bu problemlər baş verir. Ana uşağına telefon vermədiyi halda nənə götürüb verir və s. Bu da uşağın düzgün tərbiyə olunmasında problemlərə gətirib çıxarır. Əslində bu prinsiplər düzgün olsa uşağın tərbiyəsi də yaxşı olar”.

Valideynlər uşağa birlikdə vaxt ayırsınlar

Z.Əyyubova deyir ki, uşaq hər gün ən azı yarım saat valideynləri ilə birlikdə həyətə, havaya çıxıb oksigen qəbul etməlidir: “Bundan əlavə hər gün yarım saat evdə oyun vaxtı keçirilməlidir. Uşağın valideynləri ilə birlikdə keçirdiyi oyun, rənglədiyi kağızlar onun inkişafına müsbət təsir göstərir”.

Uşağı ildə iki dəfə psixoloji inkişaf diaqnostikasından keçirmək lazımdır

Psixoloq bildirir ki, uşaq ildə iki dəfə mütləq şəkildə uşaq psixoloji inkişaf diaqnostikasından keçirilməliddir. Misal üçün, bəzən olur ki, uşağın yaşı 3 olsa da, nitq yaşı 2-yə cavab verir. Buna görə də, bu vaxtında müəyyən olunmalı və lazımı tədbirlər görülməlidir.

Könül Oruc