Həkimlər immun sisteminin zəifləməsinə səbəb olan az tanınan amillər barədə xəbərdarlıq ediblər.
E-saglam.az xəbər verir ki, insan orqanizminin müdafiə mexanizmini yalnız xəstəliklər və dərmanlar deyil, gündəlik həyat tərzindəki səhvlər də zəiflədir.
1. Yuxu çatışmazlığı:
Mütəxəssislər bildirir ki, gecə 6 saatdan az yatmaq immun sisteminin fəaliyyətini ləngidir. Bu, bədənin infeksiyalara qarşı müqavimətini azaldır və tez-tez xəstələnməyə səbəb olur.
2. Daimi stres:
Uzunmüddətli stres zamanı ifraz olunan kortizol hormonu ağ qan hüceyrələrinin fəaliyyətini zəiflədir. Nəticədə, orqanizm virus və bakteriyalara qarşı daha həssas olur.
3. Səhv qidalanma:
Şəkərli, yağlı və emal olunmuş qidalar immun hüceyrələrin balansını pozur. Həkimlər xüsusilə vitamin C, D və sink çatışmazlığının immunitetə ciddi zərər verdiyini vurğulayır.
4. Fiziki hərəkətsizlik:
Hərəkətsiz həyat tərzi qan dövranını zəiflədir, immun hüceyrələrin bədən boyunca daşınmasını çətinləşdirir. Həftədə ən azı 150 dəqiqə yüngül fiziki aktivlik tövsiyə olunur.
5. Qidalanma ilə bağlı nizamsızlıq:
Səhər yeməyinin buraxılması, uzun müddət ac qalmaq və gec saatlarda yemək orqanizmin müdafiə sisteminə mənfi təsir göstərir.
Həkimlər immunitetin güclü qalması üçün sağlam yuxu rejimi, balanslı pəhriz, stressin azaldılması və aktiv həyat tərzini əsas şərt kimi göstərirlər.
Nəzrin Abbas