Tibbi xəbərlər
Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini
Tibbi xəbərlər
315

Həkim idmanın ürəyə nə vaxt təhlükəli ola biləcəyini açıqladı

Müntəzəm fiziki aktivlik ürək sağlamlığı üçün faydalıdır. Lakin məşqlərə düzgün yanaşılmadıqda bu, ürək üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Ambulator Terapiya kafedrasının dosenti, kardioloq Alina Qavrilova məlumat verib.

Həkimin sözlərinə görə, əsas təhlükə idmanın özündə deyil, qəfil və həddindən artıq fiziki yüklənmədədir. Xüsusilə uzun müddət oturaq həyat tərzi keçirən, hipertoniya, artıq çəki və diabetdən əziyyət çəkən, eləcə də virus infeksiyasından yeni sağalan şəxslər məşqə ehtiyatla başlamalıdırlar. Çünki xəstəlik zamanı ürək əzələsi zədələnə bilər və bu dövrdə intensiv fiziki yük təhlükəli hesab olunur.

Mütəxəssis bildirir ki, fiziki fəaliyyət insana həddindən artıq yorğunluq deyil, enerji verməlidir. Buna görə məşqlərə gəzinti, üzgüçülük, velosiped sürmə və ya yüngül qaçış kimi orta intensivlikli fəaliyyətlə başlamaq, yükü isə tədricən artırmaq tövsiyə olunur. Hər məşqdən əvvəl isinmə hərəkətlərinin edilməsi də vacibdir.

Kardioloq xəbərdarlıq edir ki, məşq zamanı sinədə ağrı və ya yanma hissi, güclü nəfəs darlığı, başgicəllənmə, ürəkdöyünmə, qəfil zəiflik, soyuq tər və ya ağrının sol qola, çənəyə və ya kürəyə yayılması kimi əlamətlər yaranarsa, məşq dərhal dayandırılmalı və tibbi yardım alınmalıdır.

Həkimin sözlərinə görə, ürək sağlamlığı üçün ən uyğun seçim aerob məşqləri, güc hərəkətləri, dartınma və bərpa məşqlərinin balanslı şəkildə birləşdirilməsidir. O vurğulayır ki, ürək üçün ən faydalı idman növü müntəzəm, lakin həddindən artıq gərginlik yaratmayan fiziki fəaliyyətdir. Bu baxımdan gəzinti əksər insanlar üçün ən təhlükəsiz və effektiv seçimlərdən biri hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun