Tibbi xəbərlər
Həkim ferritin çatışmazlığının gözdən qaçan
Tibbi xəbərlər
9

Həkim ferritin çatışmazlığının gözdən qaçan 3 əlamətini açıqladı

Bir çox insan ferritin çatışmazlığının əlamətlərini yorğunluq və ya hava dəyişikliyi ilə əlaqələndirir.

E-saglam.az xəbər verir ki, həkim Yelena Maslova ferritin səviyyəsinin aşağı olmasını göstərə biləcək üç əsas əlamət barədə məlumat verib.

Mütəxəssisin sözlərinə görə, ilk əlamətlərdən biri əl və ayaqlarda davamlı soyuqluq hissidir. Dəmir ehtiyatlarının azalması periferik qan dövranını zəiflədir. Nəticədə orqanizm qan axınını əsasən ürək və beyinə yönəldir, ətraflarda isə soyuqluq, bəzən də keyimə hissi yaranır.

İkinci əlamət nevroloji simptomlardır. Axşam saatlarında güclənən baş ağrıları, qəfil ayağa qalxarkən başgicəllənmə, qulaqlarda küy və diqqətin zəifləməsi ferritin çatışmazlığı ilə əlaqəli ola bilər. Həkimin sözlərinə görə, bu hallar beynin oksigen çatışmazlığına daha həssas olması ilə izah olunur. Bu zaman "beyin dumanı" adlandırılan vəziyyət yaranır, insanın diqqətini cəmləməsi və məlumatı yadda saxlaması çətinləşir.

Üçüncü əlamət isə saç, dəri və dırnaqlarda baş verən dəyişikliklərdir. Ferritin səviyyəsi aşağı olduqda saçlar parlaqlığını itirir, kövrəkləşir və daha çox tökülür. Dırnaqlar nazilir, asan qırılır və üzərində üfüqi xətlər əmələ gələ bilər. Dəri isə quruyur, solğun görünür və qabıqlanmağa meyilli olur.

Həkim bu əlamətlər müşahidə edildikdə səbəbi dəqiqləşdirmək üçün həkimə müraciət etməyi və ferritin də daxil olmaqla müvafiq laborator müayinələrdən keçməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun