Tibbi xəbərlər
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlaməti ola bilər?
Tibbi xəbərlər
329

Həddindən artıq tərləmə hansı xəstəliklərin əlaməti ola bilər? Professor açıqladı

Həddindən artıq tərləmə hər zaman sadəcə narahatlıq yaradan bir problem deyil. Bəzi hallarda bu vəziyyət endokrin pozğunluqlardan tutmuş infeksion və onkoloji xəstəliklərə qədər müxtəlif sağlamlıq problemlərinin erkən əlaməti ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Svetlana Kanevskaya məlumat verib.

Professorun sözlərinə görə, hiperhidroz iki növə ayrılır. Birincili hiperhidroz adətən bədənin müəyyən nahiyələrində yaranır və hər hansı xəstəliklə əlaqəli olmur. İkincili hiperhidroz isə müxtəlif xəstəliklər və ya bəzi dərmanların yan təsiri nəticəsində meydana çıxır.

Mütəxəssis bildirib ki, həddindən artıq tərləmə zamanı ilk növbədə qalxanabənzər vəzin fəaliyyəti qiymətləndirilməlidir. Hipertiroidizm zamanı hormonların həddindən artıq ifrazı maddələr mübadiləsini sürətləndirir, istiliyə dözümsüzlük, güclü tərləmə, ürəkdöyünmə və səbəbsiz çəki itkisinə səbəb ola bilər.

Diabet xəstələrində isə qan şəkərinin kəskin azalması (hipoqlikemiya), xüsusilə insulin qəbul edən şəxslərdə, soyuq və yapışqan tərləmə ilə özünü göstərə bilər.

Professor xüsusilə gecə tərləmələrinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, güclü gecə tərləməsi vərəm, infeksion endokardit, HİV infeksiyası və osteomielit kimi xəstəliklərin əlaməti ola bilər. Bəzi hallarda isə limfoma, leykemiya, qaraciyər xərçəngi və mezotelioma kimi onkoloji xəstəliklər də bu simptomla özünü göstərə bilər.

Mütəxəssisin sözlərinə görə, həddindən artıq tərləmənin digər mümkün səbəbləri bunlardır:

- Parkinson xəstəliyi kimi nevroloji pozğunluqlar;

- revmatoid artrit və podaqra kimi revmatoloji xəstəliklər;

- bəzi antidepressantlar, antibiotiklər və təzyiq dərmanlarının yan təsirləri;

- piylənmə, hamiləlik və xroniki stress.

Professor Kanevskaya qeyd edib ki, güclü tərləmə qəfil başlayırsa, qızdırma, halsızlıq, səbəbsiz çəki itkisi kimi digər əlamətlərlə müşayiət olunursa və ya əsasən gecələr baş verirsə, səbəbin müəyyənləşdirilməsi və ciddi xəstəliklərin istisna edilməsi üçün həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun