Gözoxşayan rəngi və şirin dadı ilə sevilən gilasın orqanizmə bir çox faydası olsa da, onun miqdarı düzgün tənzimlənməlidir. Gündə 200 qramdan artıq gilas yemək sağlamlıq üçün zərərdir.
E-saglam.az bildirir ki, bu barədə rusiyalı həkim Olqa Tarasova gazeta.ru-ya müsahibəsində xəbərdarlıq edib.
Onun sözlərinə görə, sağlam yetkinlər gündə 200 qram gilas yeyə bilər.
"Lakin şəkərli diabet və ya qıcıqlanmış bağırsaq sindromu olan şəxslər bu miqdarı 150 qramla məhdudlaşdırmalıdırlar. Pankreatitin (mədəaltı vəzi iltihabı) kəskinləşməsi zamanı isə gilasdan tamamilə imtina edilməlidir", - deyə mütəxəssis bildirib.
Tarasova bildirir ki, gilas tərkibindəki 1,6 qram liflə bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və probiotik təsir göstərərək faydalı bakteriyaların artmasına şərait yaradır. Bundan əlavə, meyvənin tərkibindəki antosian piqmentləri mədə selikli qişada iltihabı azaldır, aşağı turşuluğu isə onu hətta qastriti olanlar üçün də təhlükəsiz edir.
"Gilas həmçinin qaraciyərin dostudur: tərkibindəki xlorogen turşusu oksidləşdirici stresi azaldır və detoks prosesini dəstəkləyir", - deyə o bildirib.
Həkim gilasın əsas yeməklə birlikdə yeyilməməsini tövsiyə edir:
"Gilası ya yeməkdən 30 dəqiqə əvvəl, ya da 1,5 saat sonra yemək lazımdır ki, dispepsik narahatlıqlar yaranmasın", - deyə mütəxəssis xəbərdarlıq edib.
Oxu.az