Gündə nə qədər çiyələk yemək olar? - Həkim DANIŞDI
Gündə nə qədər çiyələk yemək olar? - Həkim DANIŞDI

Çiyələk 90 faiz sudur, tərkibində çoxlu vitamin və az miqdarda şəkər var. Buna görə də şəkər xəstələri, həmçinin çəkisini qoruyanlar da daxil olmaqla onu rahatlıqla yeyə bilər. Bundan əlavə, çiyələk qan şəkərinin səviyyəsini normallaşdırmağa və sinir sisteminin normal fəaliyyətinə kömək edir.

E-saglam.az bildirir ki, bu barədə qastroenteroloq Yekaterina Kaşux məlumat verib.

“Yetkinlər üçün optimal gündəlik çiyələk dozası 200-250 qramdır, daha artığı mədə-bağırsaq traktını pozmaq təhlükəsi yaradır. Bundan əlavə, çiyələk güclü bir alerjendir, buna görə reaksiyanı izləyərək, çox diqqətlə uşağınıza verin. Qastrit və mədə xorası olan insanlar da çiyələk yeyərkən ehtiyalı olmalıdır”, deyə ekspert xəbərdarlıq edib.

Onun sözlərinə görə, çiyələkdən istifadə zamanı normaya və digər ehtiyat tədbirlərinə əməl etmək yalnız orqanizmə fayda verəcək. Məsələn, çiyələkdə çoxlu lif və pektinlər var. Bundan əlavə, bu giləmeyvə vitamin və minerallar anbarıdır. O, B, C, A, PP vitaminləri, həmçinin dəmir, kalium, yod, maqnezium, fosfor, kalsium, sink və üzvi turşular - oksalik, salisilik, fol turşusu ilə zəngindir.

“Çiyələklərdə çoxlu C vitamini var, hətta limondan da çoxdur. 100 q giləmeyvə 60 mq C vitamini ehtiva edir. Bu vitamin toxunulmazlıq üçün lazımdır, orqanizmə infeksiya və iltihabla mübarizə aparmağa kömək edir”, – Yekaterina Kaşux bildirib.

O, həmçinin qeyd edib ki, çiyələyin tərkibindəki flüor və kalsium sümükləri gücləndirir, manqan isə karbohidrat mübadiləsinə müsbət təsir göstərir:

“Giləmeyvənin tərkibindəki maqnezium və kalium sinir sisteminin normal fəaliyyətinə kömək edir, sink isə dərinin bərpasını yaxşılaşdırır və reproduktiv sistemin sağlamlığına müsbət təsir göstərir. Kalium sayəsində çiyələk ödemdən qurtulmağa, böyrək və sidik yollarının xəstəliklərinin profilaktikası kimi xidmət edir. Pektinlər və üzvi turşular isə mədə-bağırsaq traktının işini normallaşdırır ”.

Çiyələk həm də hüceyrələri reaktiv oksigen növlərinin zədələnməsindən qoruyan təbii antioksidantlar olan polifenollarla zəngindir. Çiyələklərin tərkibinə daxil olan antosiyaninlər, flavonollar, ellagik turşusu, sinnamik turşular qan damarlarının divarlarını gücləndirir, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Tərcümə: Lent.az