Qidalanma
Gündə iki alma yeyəndə nə baş verir? -
Qidalanma
160

Gündə iki alma yeyəndə nə baş verir? - Qastroenteroloq izah edir

Mütəxəssislər bildirirlər ki, gündə iki alma yemək qaraciyər, ürək, həzm sistemi və qan şəkəri balansı üçün bir çox fayda verir.

E-saglam.az-ın məlumatına görə, qastroenteroloq doktor Cozef Salhab deyir ki, bu sadə vərdiş qaraciyər yağlanması və kolon xərçəngi kimi xəstəliklərin riskini azalda bilər.

Almanın tərkibindəki lif və antioksidantlar ürək sağlamlığını dəstəkləyir, qan şəkərinin balansını qoruyur, çəki idarəsinə kömək edir və ümumi sağlamlığa müsbət təsir göstərir. Lif, C vitamini, kalium, quercetin və polifenollar kimi qida maddələri hüceyrələri sərbəst radikallardan qoruyur, həzm və immun sistemini gücləndirir.

Qaraciyəri qoruyur

Artan fast food istifadəsi, az hərəkətlilik və metabolik problemlər alkoqolsuz qaraciyər yağlanması riskini artırır. Almada olan pektin bağırsaqda xolesterin və piylərə bağlanaraq onların udulmasını azaldır, beləliklə qaraciyərdə yağ yığılmasının qarşısını alır. Polifenollar isə iltihab və oksidləşdirici stressi azaldır.

Kolon xərçəngi riskini azaldır

Az lifli qidalanma kolon xərçəngi riskini artırır. Almanın tərkibindəki pektin bağırsaq hərəkətlərini tənzimləyir, zərərli maddələrin orqanizmdə qalma müddətini qısaldır. Antioksidantlar isə kolon hüceyrələrini qoruyaraq xərçəng ehtimalını azaldır.

Ürək sağlamlığını dəstəkləyir

Pektin LDL (“pis”) xolesterinə bağlanaraq onun bədəndən xaric edilməsinə kömək edir və damar tıxanma riskini azaldır. Antioksidantlar damar divarlarını qoruyur və iltihabın qarşısını alır.

Qan şəkərini tənzimləyir

Almanın lifli quruluşu şəkərin qana ləng udulmasına səbəb olur, bu isə qan şəkərinin qəfil qalxmasının qarşısını alır. Polifenollar insulin həssaslığını artıraraq bədənin şəkəri daha səmərəli istifadə etməsinə şərait yaradır.

Çəki idarəsini asanlaşdırır

Yüksək su və lif tərkibi sayəsində alma toxluq hissini artırır, artıq yemək istəyini azaldır. Həmçinin lif bağırsaqdakı faydalı bakteriyaları qidalandıraraq həzm və immun sistemini gücləndirir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun