Həkim Əmir Xan insanların tez-tez gecə saat 3 radələrində oyanmasının səbəbini açıqlayıb.
E-saglam.az xəbər verir ki, həkim bildirir ki, gecə qəfil oyanma çoxlarına tanışdır və maraqlısı budur ki, bu, adətən eyni vaxtda baş verir. Onun sözlərinə görə, bunun tamamilə elmi izahı var.
“Səhər saat 2:00–4:00 arası bədən xüsusi fazaya keçir. Bu dövrdə stress hormonu olan kortizol yüksəlməyə başlayır və bədəni yuxudan oyanmağa hazırlayır”, – deyə Xan izah edib.
O vurğulayıb ki, bu proses normaldır. Lakin əgər sinir sistemi stres, narahatlıq və ya həddindən artıq yorğunluq səbəbindən gərgin vəziyyətdədirsə, bədən hormonal dəyişikliklərə daha həssas olur və kortizolun artması insanı qəfil oyada bilir. Həkim əlavə edib ki, gecə qan şəkərinin düşməsi də eyni effekti yarada bilər.
Xan bildirib ki, bu vəziyyət uzun müddət davam edərsə və yuxu keyfiyyətini pozarsa, səbəbləri araşdırmaq üçün mütəxəssisə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc