
Həddindən artıq duz istehlakı orqanizm üçün ciddi risklər yaradır. Ürək, beyin, böyrək və damar sisteminə zərər verərək bir çox xəstəliyin yaranmasına səbəb olur.

E-saglam.az xəbər verir ki, bədənin normal funksiyaları üçün natrium lazım olsa da, gündəlik qidalanmada kifayət qədər duz qəbul edilir. Artıq miqdar bədəndə su toplanmasına, təzyiqin artmasına və ürək-damar sisteminin yüklənməsinə gətirib çıxarır.
Yüksək qan təzyiqi ürək çatışmazlığı, damar tutulmaları və erkən yaşda demans riskini artırır. Beyin damarlarında kiçik zədələr yaranaraq, uzun müddətdə Alzheimer xəstəliyinə yol aça bilər.
Bütün duz növləri, o cümlədən qaya və Himalay duzu da natrium tərkibli olduğu üçün hipertoniyaya səbəb olur. Ona görə də onların sağlamlığa zərərsiz olması fikri yanlışdır.
Gündəlik duz miqdarının 4 qramdan çox olmaması tövsiyə edilir. Qablaşdırılmış qidalarda da duz miqdarı yüksək olduğu üçün istehlak zamanı diqqətli olmaq lazımdır.
Duzdan istifadəni azaltmaq üçün yeməklərə ədviyyatlar əlavə etmək mümkündür. Qırmızı və qara bibər kimi alternativlər dadlandırıcı rolunu oynayaraq sağlam seçim ola bilər.
Tərcümə: Könül Oruc