
Ayaqqabı seçərkən çoxları yalnız onun formasına, rənginə və modaya uyğunluğuna diqqət yetirir. Halbuki bu qərar təkcə ayaq rahatlığına deyil, ümumi bədən sağlamlığına da təsir göstərir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir: səhv ayaqqabı seçimi bel, diz ağrısı və hətta xroniki yorğunluğun əsas səbəblərindən biri ola bilər.
Daban hündürlüyü, altlıq materialı və ayaqqabının ayağa oturuşu onurğadan tutmuş psixoloji vəziyyətə qədər hər şeyi təsirləndirə bilir. Yanlış seçim gəzinti balansınızı pozur, dizlərə və bel bölgəsinə əlavə yük düşür, bu da zamanla ağrılara, hətta duruş pozğunluqlarına səbəb olur. Hündürdaban və ya çox düz ayaqqabılar bədən çəkisinin qeyri-bərabər paylanmasına gətirib çıxarır. Nəticədə beldə donqarlaşma, duruşda əyilmə və bel ağrıları yarana bilir.
Ayağın müəyyən hissəsinə düşən artıq təzyiq daban ağrısı, kallus və daban çatları ilə nəticələnə bilər. Həmçinin, rahat olmayan ayaqqabılar enerji itkisinə səbəb olur, gün ərzində sizi yorur və zehni diqqəti azaldır. Araşdırmalara görə, xroniki bədən ağrıları depressiya riskini artırır və bu ağrıların bir çoxu ayaqqabı seçimindən qaynaqlana bilər.
Bəs düzgün ayaqqabı necə seçilməlidir?
Ayaq formasını müəyyən etmək və gündəlik istifadə üçün ortopedik, elastik altlıqlı modellərə üstünlük vermək vacibdir. Ayaqqabını günün sonunda – ayaqların şiş olduğu vaxtda – sınaqdan keçirmək tövsiyə olunur. Barmaqları sıxan modellərdən uzaq durmalı və geyindikdən sonra azı 10 dəqiqə gəzməklə test aparmaq faydalıdır.
Tərcümə: Könül Oruc