
Ayaqlar gün ərzində bədənimizin bütün ağırlığını daşıyır. Zamanla yorulmaları və kifayət qədər qulluq göstərilmədikdə dabanlarda çatlar əmələ gəlməsi qaçılmaz olur. Xüsusilə yay aylarında açıq ayaqqabı geyindikdə bu çatlar həm estetik narahatlıq yaradır, həm də fiziki diskomforta səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, daban çatlarının əsas səbəblərindən biri dərinin nəm itkisi, digəri isə yanlış ayaqqabı seçimi, gigiyenaya laqeyd yanaşmaq və uzun müddət ayaq üstə qalmaqdır. Lakin düzgün qulluq və sadə ev üsulları ilə bu problemi aradan qaldırmaq mümkündür.
Sağlam və hamar dabanlar üçün gündəlik qulluq məsləhətləri
– Nəmləndirmə: Hər duşdan sonra dabanlarınıza nəmləndirici krem tətbiq edin. Bu, dərinin elastikliyini qorumağa və qurumağın qarşısını almağa kömək edir.
– Ayaqqabı seçimi: Ayağınıza tam uyğun, nəfəs alan və keyfiyyətli ayaqqabılar geyinməyə çalışın. Dar və sərt ayaqqabılar daban nahiyəsində təzyiq yaradaraq çatlara səbəb ola bilər.
– Aşındırma: Həftədə bir neçə dəfə pomza daşı və ya xüsusi ayaq pilinq vasitəsi ilə ölü dərini təmizləyin. Bu, dərinin yenilənməsinə yardımçı olur.
– Dərin çatlara diqqət: Əgər çatlar artıq dərinləşibsə, təmizləmə prosesində daha diqqətli olun. Əks halda dərinin zədələnməsi və infeksiyaya yoluxma riski artır.
Daban çatlarına qarşı 2 sadə inqrediyentlə ev üsulu
Çobanyastığı vannası:
Çobanyastığı çayını dəmləyib soyudun və isti formada bir ləyənə əlavə edin. Ayaqlarınızı bu suyun içində 10 dəqiqə saxlayın. Çobanyastığı dərini sakitləşdirir və yumşaldır. Daha sonra pomza daşı ilə ölü dərini təmizləyin və nəmləndirici tətbiq edin.
Çörək sodalı su hamamı:
İsti suya 2-3 xörək qaşığı çörək sodası əlavə edin və ayaqlarınızı bu suda 15-20 dəqiqə saxlayın. Soda dərini yumşaldır, ölü hüceyrələri təmizləyir və ayaq qoxusunun qarşısını alır. Prosesin sonunda ayaqlarınızı qurulayıb nəmləndirici ilə masaj etməyi unutmayın.
Daban çatlarını aradan qaldırmaq üçün kompleks və bahalı prosedurlara ehtiyac yoxdur. Ev şəraitində, sadə vasitələrlə davamlı qulluq sayəsində sağlam, hamar və estetik görünüşlü dabanlara sahib olmaq mümkündür.
Tərcümə: Könül Oruc