
“Camış əti digər heyvanların əti ilə müqayisədə zəngin kimyəvi tərkibə malikdir. Qidalılıq dəyərinə görə isə çox faydalıdır. Tərkibində dəmir, B12 və digər vitaminlərin olması səbəbindən camış əti qan azlığına qarşı qəbul edilən ən gözəl qida məhsuludur.

Adətən qan azlığı olan hamilə qadınlara camış əti ilə qidalanmaq tövsiyə olunur ki, həm qan təzyiqi normallaşsın, həm də ki, qadının bətnindəki döl normal inkişaf etsin. Camış ətinin tərkibində yağların miqdarı, karbohidratlar və zülal birləşmləriylə daha azdır. Ona görə də bu ət yüngül həzm olunur”.
E-saglam.az xəbər verir ki, bunu camış ətinin faydalarında Bizim.Media-ya danışan Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib. O, bildirib ki, camış ətinin tərkibində yağlar 1,6 faiz təşkil etməklə bərabər, həmin yağ birləşmələri piy toxumalarının qalınlaşmasına və bədən çəkisinin artmasına səbəb olmur:
“Camış ətinin tərkibinin 20 faizini zülallar təşkil edir. Həmin zülallar da əvəz olunmayan amin turşularından ibarətdir ki, həmin turşular da orqanizmdə rahat mənimsənilir. Qida məhsulu kimi orqanizmə daxil olan camış əti həm mərkəzi sinir sistemində, həm də ürək-damar sistemində gedən biokimyəvi proseslərdə çox mühüm rol oynayır və qara ciyərin müqavimətini yaxşılaşdırmaqla orqanizmdə gedən metabolizmi proseslərinin stimulyasiya olunmasında mühüm amil kimi özünü göstərir.
Camış ətini digər ətlərdən fərqləndirən faktor onun tərkibindəki elastin və kollagen zülalların yüksək olmamasıdır. Bu ətdəki amin turşularının çoxluğu bədəndəki zülal strukturlarının normal formalaşmasında əsas faktor kimi ortaya çıxır. Camış ətinin tərkibində doymamış yağ turşuları var. Həmin yağ turşularının tərkibinə Omeqa-3 və Omeqa-6 daxildir. Bunlar da antiokdisad rolu oynamaqla orqanizmdəki sərbəst radikalların neytrallaşmasında və orqanizmdən xaric olunmasına təkan verməklə bir sıra iltihab proseslərinin aradan qalxmasına səbəb olur”.
Müsahibimiz lipid komponentlərinin daha çox zərərli hesab olunduğunu da qeyd edib:
“Amma xolestrinin miqdarı camış ətində heç də yüksək deyil. Ona görə də zərərli yağların damarlarda tıxanıqlıq yaratmasına səbəb olmadan qida maddəsi kimi rahat həzm olunaraq əlavə fəsadlar yaratmır. Camışlar adətən qaba yemlərlə qidalanır. Bu hesaba da onlarda antioksidantlar toplanır. Bunlar da mərkəzi sinir sisteminin fəaliyyətində və qalxanvari vəzin funksiyasında mühüm rol oynayır.
Bir sözlə, camış əti zülallarla zəngin olduğu qədər suda həll olunan vitaminlərlə də zəngindir və rahatlıqla həzm olunur. Ona görə də dünyanın inkişaf etmiş ölkələrində, xüsusən də ABŞ-da camışçılığın inkişafına xüsusi diqqət yetirilir. Nəzərə alaq ki, camış əti bizlərdə o qədər də populyar olmasa da, camışın südünün və qatığının həvəskarları daha çoxdur. Bu səbəbdən camış əti sağlamlıq üçün xüsusi əhəmiyyət daşıdığına görə onun istehlakı daha vacibdir”.