Tibb mütəxəssisi Marqarita Belousova bildirib ki, bəzi məhsullar pəhriz zamanı az miqdarda qəbul edilsə belə, arıqlama prosesinə ciddi şəkildə mane ola bilər.
E-saglam.az xəbər verir ki, SberHealth şirkətinin terapevti “RT”yə açıqlamasında qeyd edib ki, kolbasa, sosiska, ketçup və spirtli içkilər kilo itkisini ləngidən əsas amillərdəndir.
“Arıqlamaq istəyənlər ilk növbədə buğda unu, şirniyyat və qazlı içkilər kimi sürətli karbohidratlardan uzaq durmalıdırlar. Bir çox insan şəkərli souslarda – məsələn, ketçupda – bu karbohidratların az olduğunu düşünür, amma əslində bu məhsullar da aclıq hissini tez qaytarır,” – deyə Belousova bildirib.
Həkimin sözlərinə görə, fast food, kolbasa, cips kimi yağlı qidalar yüksək kalori dəyərlərinə görə çəki artımına səbəb olur. Bundan əlavə, spirtli içkilər təkcə kalori baxımından zərərli deyil, həm də ümumilikdə sağlamlığa mənfi təsir göstərir.
Belousova xəbərdarlıq edib ki, hətta bəzi sağlam hesab olunan məhsullar da arıqlamağa mane ola bilər. Məsələn:
bir ovuc qoz-fındıq təxminən 200 kcal,
100 qram avokado 160 kcal,
100 qram tünd şokolad isə 500–550 kcal enerji dəyərinə malikdir.
Mütəxəssis pəhrizdə daha çox zülal tərkibli məhsullara — yağsız ət (mal əti, hinduşka), balıq, yumurta və paxlalı bitkilərə üstünlük verməyi tövsiyə edib. O həmçinin tam taxıllı çörək, qəhvəyi düyü, tərəvəz, meyvə və göyərtilərin miqdarını artırmağın vacibliyini vurğulayıb.
“Sağlam qidalanma ilə yanaşı, kifayət qədər su içmək, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu da arıqlama prosesinin ayrılmaz hissəsidir,” – deyə həkim əlavə edib.
Tərcümə: Nəzrin Abbas