Diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina bildirib ki, mandarinləri yağ yandırıcı kimi qəbul etmək düzgün deyil.
E-saglam.az xəbər verir ki, bu meyvələr bədəndə maddələr mübadiləsini müəyyən qədər dəstəkləsə də, təkbaşına arıqlamağa səbəb ola bilməz.
Mütəxəssis “Radio 1”ə açıqlamasında koreyalı alimlərin apardığı araşdırmaya münasibət bildirib. Söhbət yetişməmiş mandarin ekstraktının yağ hüceyrələrinin yaranmasını azalda və yağların parçalanmasını sürətləndirə biləcəyini göstərən tədqiqatdan gedir. Solomatina bu nəticələri şərh edərək deyib:
“Mandarinlər, digər sitrus meyvələri kimi, bədəndə yağ toplanmasında iştirak edən bəzi genlərin fəaliyyətini zəiflədə bilər. Amma bu, maddələr mübadiləsini tam şəkildə sürətləndirmək demək deyil. Əksinə, bəzən orqanizm buna mənfi reaksiya verə bilər,” – deyə həkim xəbərdarlıq edib.
O əlavə edib ki, sitrus meyvələri yalnız balanslı pəhriz və fiziki aktivliklə birlikdə arıqlama prosesinə az miqdarda kömək edə bilər. “Mandarinləri əsas yağ yandırıcı vasitə kimi qəbul etmək olmaz,” – deyə mütəxəssis vurğulayıb.
Solomatina həmçinin mədə-bağırsaq problemləri olan şəxslərə sitrus meyvələrindən istifadə zamanı diqqətli olmağı tövsiyə edib. Sağlam insanlara isə limon, portağal, mandarin və qreypfrut kimi meyvələrdəki yüksək turşu tərkibinə görə ölçünü saxlamağı məsləhət görüb.
Tərcümə: Nəzrin Abbas