Faydalı
Mütəxəssislər çirkli sobada yemək bişirməyin
Faydalı
91

Mütəxəssislər çirkli sobada yemək bişirməyin təhlükələrini açıqladılar

Ekspert Mariya Zolotaryova bildirib ki, sobanın içərisində yığılan köhnəlmiş və qurumuş çirkli yağlar təkcə estetik problem deyil, həm də insan sağlamlığı üçün gizli təhlükə yaradır.

E-saglam.az xəbər verir ki, RTU MİREA Biotexnologiya və Sənaye Əczaçılıq kafedrasının dosenti, əczaçılıq elmləri namizədi Zolotaryovanın sözlərinə görə, sobanın divarlarında əmələ gələn is və yağ qalıqları bişirmə zamanı kompleks kimyəvi reaksiyalara girərək çıxarılması çətin yapışqan qat yaradır.

“Sobada qalın karbon təbəqəsinin yığılması istilik keçiriciliyini azaldır, bu da xüsusilə elektrik sobalarında cihazın sıradan çıxmasına səbəb ola bilər. Üstəlik, is qida bişirmə prosesini bərabər paylamır və nəticədə yemək içəridə tam bişmir, bu da mikroorqanizmlərin qalmasına və qida zəhərlənməsinə yol aça bilər,” – deyə ekspert xəbərdarlıq edib.

Zolotaryova əlavə edib ki, qurum bakteriyalar üçün ideal qida mühiti yaradır. Bişirmə zamanı yüksək temperatur bu mikrobların çoxunu məhv etsə də, çarpaz çirklənmə riski qalır — yəni is hissəcikləri sobadan çıxarılan yeməyə və ya hava cərəyanı ilə qidaya düşə bilər.

Mütəxəssisin sözlərinə görə, sobada yığılan is və yağların parçalanması nəticəsində akrilamid, heterosiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi zərərli birləşmələr əmələ gəlir. Heyvanlar üzərində aparılan tədqiqatlar bu maddələrlə xərçəngin bəzi növləri arasında əlaqə olduğunu göstərib.

“İnsan orqanizminə az miqdarda daxil olduqda bu maddələr dərhal təhlükə yaratmasa da, çirkli sobada müntəzəm bişirmə xərçəng riskini artıra bilər,” – deyə ekspert bildirib.

Zolotaryova həmçinin xəbərdarlıq edib ki, yanmış yağ akrolein adlı maddə əmələ gətirir. Akrolein buxarları göz və tənəffüs yollarını qıcıqlandırır, xüsusilə astma və allergiyadan əziyyət çəkənlərdə vəziyyəti ağırlaşdıra bilər. Aşağı dozada belə akroleinə davamlı məruz qalmaq xroniki iltihabi proseslərə yol aça bilər.

Ekspertin fikrincə, sobanın müntəzəm və düzgün təmizlənməsi həm cihazın, həm də bişirilən qidanın təhlükəsizliyi üçün vacibdir.

“Hər bişirmədən sonra sobanı silmək və təmizləyici vasitələrdən yalnız sertifikatlı, təhlükəsiz məhsulları istifadə etmək lazımdır. Xlor və güclü qələvi tərkibli təmizləyicilərdən uzaq durmaq tövsiyə olunur – onlar tənəffüs yollarını qıcıqlandıra və qida ilə soba səthinə keçə bilər,” – deyə Zolotaryova əlavə edib.

Təmizlikdən sonra sobanın səthlərini təmiz su ilə yaxalamaq və bir müddət açıq saxlamaq təbii havalandırmanı təmin edərək kimyəvi buxarların uzaqlaşmasına kömək edir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun