Sağlamlıq
Həkim saç üçün ən zərərli
Sağlamlıq
38

Həkim saç üçün ən zərərli qidaları adlandırdı

Dermatoloq və kosmetoloq Marina Çernova bildirib ki, şəkər və spirtli içkilər saçların sağlamlığına ən çox zərər verən amillər arasındadır. Onun sözlərinə görə, bu qidalar saçın kök sisteminə mənfi təsir göstərir və saç tökülməsinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, həkim “Komsomolskaya Pravda”ya müsahibəsində deyib ki, şəkərin həddindən artıq qəbulu orqanizmdə insulinə qarşı həssaslığı azaldır və bu da kişi hormonlarının artmasına gətirib çıxarır. Nəticədə qadınlarda başın yuxarı hissəsində və gicgah nahiyəsində, yəni kişi tipinə uyğun şəkildə saç tökülməsi müşahidə olunur.

Çernovanın sözlərinə görə, şəkər baş dərisindəki kollageni məhv edir, dərini sərtləşdirir və saç köklərinə qan dövranını zəiflədir. Alkoqol isə hormon balansını pozur, bədəni susuzlaşdırır və saç üçün vacib olan vitamin və mineralların mənimsənilməsinə mane olur.

“Araşdırmalar göstərir ki, şəkər və spirtli içki ilə saç tökülməsi arasında əlaqə var, lakin bu əlaqəni tam təsdiqləmək üçün daha çox elmi dəlil lazımdır,” – deyə həkim vurğulayıb.

Bundan əvvəl britaniyalı dietoloq V. C. Hamilton da şəkərli qazlı içkilərin və spirtin mütəmadi istifadəsinin saç tökülməsini artırdığını bildirmişdi. Onun sözlərinə görə, yüksək şəkər tərkibli içkilər orqanizmdə xroniki, gizli iltihaba səbəb olur və bu da saç köklərinin zəifləməsinə, böyümə dövrünün pozulmasına gətirib çıxara bilər.

Mütəxəssislər həmçinin bəzi dərmanların, o cümlədən ozempik preparatının da saç tökülməsi riskini artırdığını qeyd ediblər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun