
Zəfəran min illərdir istifadə edilən və sağlamlıq üçün çox faydalı olan qiymətli bir ədviyyatdır.

E-saglam.az xəbər verir ki, xüsusilə görmə qabiliyyətini artırmaq və yaddaşı gücləndirməkdə əhəmiyyətli təsirləri var. Tərkibindəki antioksidantlar sayəsində göz sağlamlığını qoruyur və beyin funksiyalarını dəstəkləyir.
Zəfəranın göz sağlamlığına təsiri
Zəfəran tor qişanın aşınmasının qarşısını alan krosin maddəsi ilə gözləri qoruyur. Bundan əlavə, tərkibindəki karotenoidlər yaşla bağlı makula degenerasiyasını azaldaraq görmə qabiliyyətini yaxşılaşdırır. Elmi araşdırmalar bu təsirləri təsdiqləsə də, mütəxəssislər zəfəranı balanslı şəkildə istehlak etməyi tövsiyə edirlər.
İbn Sina və zəfəranın faydaları
Tibb tarixinin önəmli simalarından olan İbn Sina zəfəranı həm dərman, həm də ədviyyat kimi qiymətləndirirdi. "Əl-Qanun fi't-Tıbb" əsərində zəfəranın sakitləşdirici, həzmi asanlaşdırıcı və ağrı kəsici xüsusiyyətlərini vurğulamış, göz xəstəliklərinə, depressiyaya və ürək sağlamlığına faydalarına diqqət çəkmişdir. Müasir elmi tədqiqatlar onun bu fikirlərini təsdiq edir.
Böyrək xəstələri üçün xəbərdarlıq
Zəfəran güclü təsirə malik olduğundan bəzi insanlara tövsiyə edilmir. Böyrək problemləri olan şəxslərin ondan uzaq durması məsləhətdir. Həmçinin, qan durulaşdırıcı təsiri olduğuna görə menstruasiya dövründə qadınlar üçün risk yarada bilər. Buna görə zəfəran qəbul etməzdən əvvəl mütəxəssis məsləhəti almaq vacibdir.
Zəfəran yaddaşı gücləndirir
Tərkibindəki antioksidantlar öyrənmə və yaddaş funksiyalarını gücləndirir. Bu xüsusiyyət inkişaf çağında olan uşaqlar və gənclər üçün faydalıdır. Beyin funksiyalarını dəstəkləyərək yaddaşı möhkəmləndirir və zehni fəaliyyətləri artırır.
Zəfəranın becərilməsi və çətinlikləri
Zəfəran Crocus sativus bitkisinin çiçəklərindən əldə edilir. O, əsasən İran, Hindistan, İspaniya, Mərakeş və Türkiyə kimi mülayim və quraq iqlimlərdə yetişdirilir. Yetişdirilməsi çətin və zəhmət tələb edən prosesdir. Çiçəklər yalnız payızda açır və içindəki qırmızı iplər səhər tezdən əl ilə yığılır. Bu proses çox vaxt və əmək tələb edir.
Zəfəran niyə bahalıdır?
Zəfəranın baha olması istehsal çətinliyi ilə bağlıdır. Bir kiloqram saf zəfəran üçün 150.000 - 200.000 çiçək yığılmalıdır. Bundan əlavə, zəfəranın xarab olmaması və keyfiyyətinin qorunması üçün xüsusi qurudulma və saxlanma üsulları tətbiq edilir. Bu səbəbdən zəfəran həm qida, həm də əczaçılıq və kosmetika sənayesində yüksək tələbat görən, lakin məhdud miqdarda istehsal olunan bir ədviyyatdır.
Tərcümə: Könül Oruc