"Elə bu dəqiqə evdəsinizsə, uşağa verdiyiniz hərarət dərmanının tərkibinə baxın: dərman üzərində ad nə olur-olsun, altda kiçik hərflə nə yazılıb: “İbuprofen”, yoxsa “Parasetamol”. Əgər İbuprofen yazılıbsa, atın və Parasetamol yazılanı alın".
E-saglam.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılova deyib.
Həkim “İbuprofen”nin zərərlərindən danışarkən bildirib ki, sözügedən dərmanın istifadəsi uşaqlar üçün çox təhlükəlidir: “Mənim də uşaqlarımın hərarətli olan günləri olub, amma evimdə “İbuprofen” tərkibli dərman olmayıb. İndi də yoxdur. Ağrı üçün də istifadə etmirəm. Hərarətə dözdüyümüz kimi, ağrıya da maksimum parasetamol ilə dözürük. Öz uşağıma vermədiyimi başqasının uşağına da tövsiyə etmirəm.
Xatırlayırsınızsa, COVID-19 zamanı “İbuprofen” molekulu olan hərarət düşürücü istifadə etməyin deyilirdi. Filan-filan sistemlərə təsir edir və s. kimi izah edilirdi. İndi sizin bilməli olduğunuz nəyə təsir etməsi deyil. Sadəcə zərərli olduğunu bilməkdir.
“İbuotufen” molekulu yeni çıxmayıb ki. Əvvəllər də olub. Amma ondan sinir, əzələ ağrıları, oynaq xəstəliklərinin müalicəsində qeyri-steroid bir dərman kimi istifadə edilirdi. Elə indi də. Məsələn, FMF kəskinləşməsi, artrit zamanı təyin edə bilərik. İltihab söndürücü təsiri var. Amma mütləq yeməkdən sonra qəbul edilir ki, mədə-bağırsaqda yara əmələ gəlməsin. Əlbəttə, bir yemək yarana biləcək yaranı önləməz. Hər ehtimala deyirik. Bəs necə oldu da, “İbuprofen” hərarət barəsində parasetamolu ötdü keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı?
Siz anaların və sizi tez rahatlatmaq istəyən həkimlərin sayəsində. Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana “ehtiyac” var. Və bu, çoxlu pul deməkdir. Bu ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı. Hərarətdən heç nə olmur, “İbuprofen”dən isə nələrsə olur. Bu “nələrsə” sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, parasetamol tərkibi ilə əvəz edin. “Axı Parsetamol gec təsir edir” deyəcəksinizsə, deməli bu sözlərdən uşağınızın xeyrinə nəsə götürmədiniz”.
Könül Oruc