"Evə yaxın olduğu üçün "Bazarstore"un Bayıl filialından, açılan gündən etibarən davamlı alış-veriş edirik. Bir neçə dəfə mənfi halla rastlaşsam da, işıqlandırmağa ehtiyac duymamışam. Amma artıq bu hal bir neçə dəfə təkrarlandıqdan sonra buna ehtiyac olduğunu düşündüm".
Könül Oruc yazır...
Qızımın nənəsi dekabr ayının 6-da "Bazarstore"dan uşaq məhsulları bölməsindən "Aquşa" firmasına məxsus kəsmikli yoqurt alıb. Yaşlı olduğu üçün məhsulu alarkən üzərindəki istifadə müddətinə fikir verməyib. Belə bir fikir var ki, böyük marketlərdə istifadə tarixi keçmiş məhsullar olmur. Özüm evdə olmadığım üçün nənəsi həmin məhsulu qızıma verib, o da bir neçə qaşıq yeyib. Daha sonra qızım yoqurtun dadının yaxşı olmadığını deyib və yeməyib. Bir qədər sonra evə gələndə qızım qarın ağrısı və ürəkbulanma ilə mənə narahatlığını dedi. Qida məsələsinə həssas yanaşdığım üçün artıq qızımın nəsə əlavə bir şey yediyini düşünüb, evdəkilərdən soruşdum. Kəsmikli yoqurtun üzərinə baxanda gördüm ki, yararlılıq müddəti artıq bir neçə gündür ki bitib. "Bazarstore" ilə əlaqə saxlayıb, problemi bildirdim və daha diqqətli olmalarını xahiş etdim. Onlar da bir daha belə hal yaşanmayacağını bildirdilər.
Uşaq qidalarına qarşı diqqətli və məsuliyyətli olmaq bu şəbəkədə çalışanların və ümumiyyətlə, hər kəsin borcudur. Yaxşı ki, qızım həmin məhsulun hamısını yeməyib. Bir neçə qaşıq yeməklə ürəkbulanma və qarıngetməyə düşübsə, hamısını yesəymiş nələr olacağını düşünmək elə də çətin deyil.
Bu gün isə yenə alış-veriş edərkən "Ankara" firmasına məxsus arpa şehriye almaq üçün vitrinə yaxınlaşdım. Hansı məhsulu götürdümsə, istifadə müddəti yanvarın 21-dən bitmişdi. Bir deyil, iki deyil. Bəlkə 10-dan çox idi.
Mən ümumiyyətlə, məhsul alarkən istifadə müddətinə son günlər qalmış olanda belə artıq həmin məhsulu almıram. Çünki o məhsul artıq "ömrünü başa vurmaq" üzrə olur. O ki qaldı istifadə müddətindən yarım aydan çox keçmiş məhsula.
Şöbənin əməkdaşını çağırdım və məhsulları vitrindən götürmələrini bildirdim.
Bu qədər böyük bir marketlər şəbəkəsində istifadə müddəti bitmiş məhsullara niyə diqqət olunmur?
Zəhərlənmə, yaxud başqa mənfi hal baş versə, buna kim cavab verəcək?
FOTOLAR: