Yeni araşdırma göstərir ki, hipertoniya yalnız təzyiq yüksəldikdə deyil, ondan çox əvvəl beyində təhlükəli dəyişikliklər yaratmağa başlayır.
E-saglam.az xəbər verir ki, "Weill Cornell Tibb Mərkəzi"nin alimləri Neuron jurnalında dərc olunan tədqiqatlarında bu səssiz prosesin demans və Alzheimer riskini niyə artırdığını açıqlayıb.
Mütəxəssislərin sözlərinə görə, yüksək təzyiqə meyilli insanlarda damar demansı və Alzheimer xəstəliyinə tutulma ehtimalı təxminən bir yarım dəfə çoxdur. Bunun səbəbi təzyiqin özü deyil, onun beyində yaratdığı gizli molekulyar zədələrdir.
Araşdırmada beynin üç əsas hissəsində problem aşkar olunub. Birincisi, qida dövriyyəsinə cavabdeh olan damar hüceyrələri vaxtından əvvəl “yaşlanır”. Bu isə beynin normal qidalanmasını pozur. İkincisi, beyin fəaliyyətinin tarazlığını qoruyan sinir hüceyrələri zədələnir. Bu balans pozuntusu Alzheimer xəstəliyi üçün də xarakterikdir. Üçüncüsü, sinir liflərini qoruyan izolyasiyanı yeniləyən hüceyrələr zəifləyir. Bu izolyasiya olmadan sinir hüceyrələri arasında siqnal ötürülməsi pozulur ki, bu da yaddaş və düşünmə proseslərinə ciddi təsir edir.
Alimlər adi qan təzyiqi dərmanlarından birini sınaqdan keçirərək maraqlı nəticə əldə ediblər. Preparat yalnız təzyiqi aşağı salmır, həm də beynin erkən zədələnmiş sahələrində müəyyən bərpa proseslərini aktivləşdirə bilir.
Mütəxəssislər hesab edir ki, hipertoniya ilə mübarizə nə qədər erkən aparılsa, beyni qorumaq bir o qədər mümkün olar.
Tərcümə: Könül Oruc