Səhərlər günün qalan hissəsinin tonunu müəyyən edir və sağlam həzm üçün düzgün vərdişlərin rolu əvəzolunmazdır. Sadə, amma təsirli addımlarla bağırsaqlarınızı təmiz və sağlam saxlamaq mümkündür.
E-saglam.az xəbər verir ki, bir stəkan ilıq su ilə günə başlamaq həzm sisteminizi oyadır, toksinləri təmizləyir və bağırsaq hərəkətlərini stimullaşdırır. Daha da təsirli etmək üçün suya bir neçə damcı limon əlavə edə bilərsiniz. Bu, həm də bədəni nəmləndirir və enerji verir.
Səhərlər yüngül yoga hərəkətləri və uzanma bağırsaqları stimullaşdıraraq qan dövranını yaxşılaşdırır. Bu sadə hərəkətlər qarın bölgəsindəki orqanların fəaliyyətini artırır və həzm sisteminizdə müsbət dəyişikliklər yaradır.
Həzmi yaxşılaşdırmaq üçün bir gecə əvvəl badam, qoz və ya çia toxumlarını isladın. Səhər bu qidalarda olan lif və sağlam yağlar bağırsaqların fəaliyyətinə dəstək olur və həzmi asanlaşdırır. Eyni zamanda, zəncəfil, nanə və ya şüyüd kimi bitki çayları içmək həzm sistemini sakitləşdirir və tullantıların təmizlənməsinə kömək edir.
Səhər yeməyinizə liflə zəngin qidalar əlavə etmək də vacibdir. Müsli, papaya, alma və tam taxıllı tost kimi qidalar bağırsaq hərəkətlərini stimullaşdırır. Lif suyu udaraq nəcisin həcmini artırır və keçişi asanlaşdırır.
Eyni zamanda, işlənmiş qidalardan uzaq durmaq tövsiyə olunur. Şəkərli və yüksək emal olunmuş qidalar həzmi yavaşladır və toksinlərin yığılmasına səbəb ola bilər. Bunun əvəzinə, təbii və tam qidalara üstünlük verərək bağırsaqlarınızı sağlam saxlaya bilərsiniz.
Bu vərdişləri gündəlik rejiminizə daxil etmək həzm sağlamlığınızı yaxşılaşdırmaqla yanaşı, sizi daha yüngül və enerjili hiss etdirəcək. Bağırsaqlarınıza layiq olduğu qayğını göstərmək həyat keyfiyyətinizə böyük təsir göstərə bilər.
Tərcümə: Könül Oruc