İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır.
E-saglam.az xəbər verir ki, bu barədə Trendin sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, qaydaya əsasən orta və kiçik tibb heyətinin əməkhaqlarına aşağıdakılar daxildir:
- tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı;
- aylıq sabit həvəsləndirici əlavə;
- əmək şəraitinə görə ödənilən əlavələr;
- qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.
Məlumatda bildirilib ki, icbari tibbi sığortadan əvvəl orta və kiçik tibb heyətinin median əməkhaqqı 320 və 270 manat idisə, hazırda qaydaya əsasən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan orta və kiçik tibb heyətinin əməkhaqqısı müvafiq olaraq 601 və 467 manat təşkil edir.