Yandex watch
Aspirin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala bilər -

Alimlər aspirinin bəzi xərçəng növlərinin yayılmasının qarşısını ala biləcəyinə dair yeni və ümidverici nəticələr əldə ediblər. Araşdırmalara əsasən, aspirin immun sistemini gücləndirərək xərçəng hüceyrələrini daha effektiv şəkildə tanıyıb məhv etməyə kömək edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Kembric Universitetinin rəhbərliyi ilə aparılan tədqiqatda xərçəngin bədəndə yayılmasına təsir edən 810 gen araşdırılıb. Bu genlərdən 15-nin metastazda mühüm rol oynadığı müəyyən edilib. Xüsusilə, ARHGEF1 adlı zülalı istehsal edən geni olmayan siçanlarda xərçəngin ağciyər və qaraciyərə yayılmasının azaldığı müşahidə olunub.

Alimlər müəyyən ediblər ki, ARHGEF1 immun sistemində xərçəng hüceyrələrini tanıyan T hüceyrələrinin fəaliyyətini zəiflədir. Bu proses, laxtalanma faktoru olan tromboksan A2 (TXA2) tərəfindən aktivləşdirilir. Aspirin isə TXA2-nin səviyyəsini azaldaraq T hüceyrələrinin fəaliyyətinin bərpasına kömək edir və nəticədə immun sisteminin metastatik hüceyrələrə qarşı müdafiəsini gücləndirir. Tədqiqatı aparan professor Rahul Roychoudhuri bildirib ki, erkən mərhələdə cərrahi yolla müalicə edilən bəzi xərçəng növləri daha sonra bədəndə gizli qalmış hüceyrələr səbəbilə təkrarlanır. Onun sözlərinə görə, xərçəngin ilk yayılmağa başladığı mərhələdə immun sisteminin aktivləşdirilməsi xəstəliyin təkrar yaranmasının qarşısını almaq üçün mühüm imkan yarada bilər.

Tədqiqatın digər iştirakçısı Dr. Jie Yang isə TXA2-nin T hüceyrələrini sıxışdırdığını öyrəndiklərində bu tapıntının gözlənilməz olduğunu və araşdırmanı yeni istiqamətə yönəltdiyini qeyd edib. O, bu mexanizmi hədəf alan digər dərmanlarla birlikdə aspirinin xərçəng müalicəsində daha effektiv və əlçatan bir yol ola biləcəyini vurğulayıb. Hazırda London Universitet Kollecindən (UCL) professor Rut Lenqlinin rəhbərlik etdiyi "Add-Aspirin" adlı klinik sınaqda aspirinin erkən mərhələdəki xərçənglərin təkrar yaranmasının qarşısını alıb-almadığı araşdırılır. Bu sınaq döş, mədə, yemək borusu, prostat və bağırsaq xərçəngi olan xəstələri əhatə edir.

Professor Lenqli qeyd edib ki, bu kəşf aspirinin xərçəng müalicəsində necə faydalı ola biləcəyini anlamağa kömək edir. O, bununla belə, aspirinin bəzi insanlarda mədə qanaması və xora kimi yan təsirlərə səbəb ola biləcəyinə diqqət çəkərək, həkim məsləhəti olmadan istifadənin təhlükəli ola biləcəyini xatırladıb. London Xərçəng Tədqiqatları İnstitutundan professor Alan Melçer də aspirinin potensial faydaları ilə yanaşı, mümkün mənfi təsirlərinin də nəzərə alınmasının vacibliyini vurğulayıb. O, bu cür araşdırmaların daha hədəflənmiş və təhlükəsiz dərmanların inkişafına təkan verə biləcəyini deyib.

Xərçəng Araşdırmaları Fondundan Tanya Hollands isə nəticələrin ümidverici olduğunu, lakin daha geniş və uzunmüddətli araşdırmalara ehtiyac duyulduğunu bildirib.        

Zəhra Niftiyeva 

E-saglam.az