Yay aylarında süfrələrin vazkeçilməz meyvəsi olan qovun bəzi hallarda sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, zahirdə sağlam görünən bəzi qovunlar əslində zəhərlənmə riski daşıyır.
E-saglam.az xəbər verir ki, son vaxtlar artan qida zəhərlənməsi hallarının bir hissəsi xarab olmuş bostan məhsullarının — xüsusilə qovunların — istehlakı ilə əlaqələndirilir. Uzun müddət saxlanılan və ya düzgün şəraitdə olmayan meyvələr bu baxımdan risklidir.
Bu 5 əlamətə diqqət edin:
1. Süngərli və lifli daxili quruluş
Qovun kəsildikdə içi boş və iplərə ayrılırsa, bu fermentasiyanın başladığını göstərə bilər. Normalda qovun şirəli və sıx olmalıdır.
2. Turş və ya spirtə bənzər qoxu
Qovun şirin və təravətli qoxmalıdır. Əgər turş, pivəyə bənzər və ya spirtli qoxu gəlirsə, bu artıq mikrobioloji pozulmanın əlamətidir.
3. Qabıqda çat və yapışqanlıq
Qovunun xarici səthində çatlar, selikli təbəqə və ya yapışqanlıq varsa, bu bakterial çirklənmənin əlamətidir. Xüsusilə salmonella riski yüksək olur.
4. Alt hissədə kif izləri
Qovunun alt hissəsində kif müşahidə olunursa, bu o deməkdir ki, bütün meyvə çirklənmiş ola bilər. Sadəcə həmin hissəni kəsmək kifayət deyil.
5. Sərtlik və quruma
Qovun normalda saxlandıqca yumşalmalıdır. Əgər əksinə, sərtləşir və qırışırsa, daxili quruluş pisləşmiş ola bilər. Bu, həm qida dəyərini azaldır, həm də həzmi çətinləşdirir.
Qovun alarkən və kəsərkən diqqətli olmaq vacibdir. Çünki “görünüşə aldanmaq” bu meyvə üçün tam yerinə düşən xəbərdarlıqdır. Qovun xaricdən gözəl görünə bilər, amma içindəki mikrobik pozulmalar sağlamlığınızı təhlükəyə ata bilər.
Tərcümə: Könül Oruc