Respublika Klinik Xəstəxanasında 1966-cı il təvəllüdlü qadın 23 illik sonsuzluqdan sonra ana olub.
E-saglam.az xəbər verir ki, hamiləliyin 31–32-ci həftəsində pasiyent həkim-mama-ginekoloq Sevda Məmmədovanın nəzarətinə götürülüb. Müalicəyə tabe olmayan yüksək təzyiq müşahidə olunduğu üçün erkən doğuşa qərar verilib və pasiyent təcili keysəriyyə əməliyyatına alınıb.
Əməliyyat uğurla icra edilib, çəkisi 1900 qram olan körpə (qadın cinsində) dünyaya gəlib.
Körpə erkən doğulması və tənəffüs pozğunluğu sindromu səbəbindən ağır vəziyyətdə olub. Doğuş zalında həkim-neonatoloq Vəfa İbrahimova tərəfindən ilkin reanimasion tədbirlər aparılıb, küvezə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.
Körpəyə vəziyyətinə uyğun intensiv terapiya, antibiotik müalicəsi və respirator dəstək göstərilib.
17 günlük müalicə və müşahidə dövründə körpənin tənəffüs və hemodinamik göstəriciləri stabilləşib, ümumi vəziyyəti yaxşılaşıb.
25 oktyabr 2025-ci il tarixində ana və körpəsi qənaətbəxş vəziyyətdə evə buraxılıb.