Sevgi və güclü münasibətlər həm fiziki, həm də ruhi sağlamlığa əhəmiyyətli faydalar verir. Sağlam münasibətlər iltihabı azaldır, immuniteti gücləndirir və ürək-damar sağlamlığını yaxşılaşdırır. Bu faydalar hətta insan ömrünü uzada bilər.
E-saglam.az xəbər verir ki, Amerikalı həkim Dr. Mark Hyman sevgi dolu münasibətlərin biologiyaya təsirini vurğulayır. Sevgi zamanı beyindən buraxılan oksitosin, dopamin və serotonin xoşbəxtlik və rifah hissini artırır. Oksitosin stressi azaldaraq qan təzyiqini tənzimləyir və ürək sağlamlığını yaxşılaşdırır, dopamin və serotonin isə xoşbəxtlik və məmnunluq yaradır.
Araşdırmalar göstərir ki, qucaqlaşma və digər müsbət sosial qarşılıqlı əlaqələr kortizolu azaldaraq immuniteti gücləndirir. Güclü sosial bağları olan insanlar xəstəliklərə daha az məruz qalır, ürək xəstəlikləri riski azalır və sağalma prosesi daha sürətli olur.
Sevgi və güclü əlaqələr yalnız fiziki sağlamlığı deyil, psixi sağlamlığı da qoruyur. Belə münasibətlər tənhalıq və depressiyanı azaldır, həyat məmnuniyyətini artırır. Uzunömürlülük və ümumi rifah üçün müsbət sosial münasibətlər həyati əhəmiyyət kəsb edir.
Güclü əlaqələr qurmaq üçün kiçik, lakin mənalı jestlər kifayətdir. Səmimi söhbətlər və ya düşüncəli mesajlar münasibətləri möhkəmləndirərək ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Sevgi dolu münasibətlərin verdiyi dəstəklə həm fiziki, həm də psixi sağlamlığınızı gücləndirmək mümkündür.
Tərcümə: Könül Oruc