AQTA sədri: "Ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır"
AQTA sədri: "Ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır"

"Qida məhsulları daşınarkən həm isti, həm də soyuq zəncir prinsipinə əməl edilməlidir. Eyni zamanda, ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır".

E-saglam.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, pandemiya dövründə tək Azərbaycanda deyil, eləcə də bütün dünyada qida məhsullarının çatdırılması və daşınması geniş vüsət aldı: "Ölkəmizdə də bu sahədə fəaliyyət göstərən çox sayda şirkətlər yarandı. Həmin şirkətlərdən ən vacib tələb öz fəaliyyətlərini "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun həyata keçirə bilmələridir. Bu da ondan irəli gəlir ki, qida məhsullarının daşınması və çatdırılması bütün dünyada olduğu kimi, standartlara uyğunlaşdırılmalıdır".

AQTA sədri bildirib ki, ərzaq məhsullarının "qonşuluq" prinsipinə düzgün əməl olunmalıdır: "Bundan əlavə, daşımada iştirak edən sahibkarlıq strukturları bilavasitə tibbi müayinədən keçməlidirlər. Hətta onların istifadə etdikləri qida qutuları standartlara uyğun olmalıdır".