Sadə, lakin davamlı sağlamlıq vərdişlərini gündəlik rejimə daxil etməklə altı ay ərzində bədəndə əhəmiyyətli dəyişikliklər müşahidə oluna bilər. Nəinki çətin pəhrizlərə, nə də saatlarla idman etməyə ehtiyac var.
E-saglam.az bu müddətdə sağlamlığı və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edən bəzi faydalı vərdişləri təqdim edir:
Geriyə doğru yerimək
Gündə cəmi 10 dəqiqə geriyə addımlamaq oynaqları gücləndirir, balans və koordinasiyanı yaxşılaşdırır. Bu, xüsusilə diz ağrılarının azalmasına və əzələlərin fərqli şəkildə işləməsinə kömək edir.
Günə limon və zəncəfilli su ilə başlamaq
Səhərlər ilıq suya limon suyu və zəncəfil əlavə etmək maddələr mübadiləsini aktivləşdirir. C vitamini ilə zəngin olan limon immun sistemini dəstəkləyir, zəncəfil isə həzmi asanlaşdırır və iltihabı azaldır. Bu sadə vərdiş bədəni nəmləndirir və günə enerjili başlamağa şərait yaradır.
Burundan nəfəs almaq
Məşq zamanı burundan nəfəs almaq oksigenin daha effektiv istifadəsinə, dözümlülüyün artmasına və performansın yüksəlməsinə kömək edir. Havanı süzərək orqanizmi qoruyur və məşqdən alınan faydanı artırır.
Soyuq duş qəbul etmək
Məşqdən sonra qəbul edilən soyuq duşlar əzələ ağrılarını və iltihabı azaldır. Qan dövranını yaxşılaşdırır, əhval-ruhiyyəni yüksəldir və bədənin bərpasını sürətləndirir. Gündəlik 30 saniyədən başlayaraq tədricən müddəti artırmaq tövsiyə olunur.
Oturmaq və ayaq üstə durmaq arasında keçid
Uzun müddət oturmaq əzələləri zəiflədir və bel ağrısına səbəb ola bilər. Hər 30 dəqiqədə bir ayağa qalxmaq və ya qısa hərəkət fasilələri vermək bədənin aktivliyini qorumağa kömək edir.
Axşamdan əvvəl yemək
Yeməklərin böyük hissəsini gün batmadan əvvəl qəbul etmək maddələr mübadiləsini dəstəkləyir və bədənin sirkadiyalı ritminə uyğun gəlir. Axşam saatlarında yüngül və həzmi asan qidalarla kifayətlənmək tövsiyə olunur.
Uzanmaq və elastiklik
Ən azı 30 saniyəlik uzanma hərəkətləri bədənin elastikliyini artırır, əzələ dartılmalarının və zədələrin qarşısını alır. Məşqdən sonra statik uzanma xüsusilə faydalıdır. Əsasən hamstring, quadriceps və çiyin əzələlərinin dartılması tövsiyə edilir.
Bu sadə vərdişləri həyatınıza daxil etməklə altı ay ərzində həm bədəninizi, həm də rifahınızı nəzərəçarpacaq dərəcədə dəyişə bilərsiniz.
Tərcümə: Könül Oruc