
39 yaşlı Richa Prasad illərlə mübarizə apardığı artıq çəkidən nə pəhriz, nə də idmanla deyil, həyat tərzində etdiyi kiçik, lakin təsirli dəyişikliklərlə azad olub.

E-saglam.az xəbər verir ki, Portuqaliyada yaşadığı dövrdə qazandığı 3 sadə vərdiş ona sağlam şəkildə 20 kilo arıqlamağa kömək edib.
Fast-fod əvəzinə ailə süfrələri
Prasad, qəti pəhrizlərdən və ağır məşqlərdən uzaq duraraq avropalıların yemək mədəniyyətini nümunə götürüb. Yeməkləri tələsik yemək əvəzinə, masa arxasında, söhbətlərlə müşayiət olunan sakit vaxtda yeməyə başlayıb. Araşdırmalar da göstərir ki, yavaş yemək toxluq hissini artıraraq daha az yeməyə kömək edir.
Nizamlı yemək saatları və planlı qidalanma
Təsadüfi qəlyanaltılar əvəzinə müəyyən saatlarda yeməyə üstünlük verən Prasad bu vərdişin həm enerjisini qoruduğunu, həm də qan şəkərinin balansda qalmasına yardım etdiyini deyir. Planlı yemək, həmçinin qərar yorğunluğunu da azaldıb.
Qida ilə barış: qadağasız və günahsız yemək
Prasad, pəhrizlərdə tez-tez rast gəlinən “qadağan olunmuş qidalar” anlayışından uzaq duraraq özünü günahkar hiss etmədən yeməyi öyrənib. Qidanı zövqlə qəbul etmək, onun çəki üzərində daha sağlam nəzarət qurmasına şərait yaradıb. “Hamısı və ya heç nə” yanaşmasındansa, Avropanın balanslı həyat tərzini mənimsəyib.
Bu vərdişlər nəticəsində təkcə bədən çəkisi deyil, həm də həyat keyfiyyəti dəyişən Richa Prasad deyir ki, dəyişiklik hər kəsin edə biləcəyi qədər sadə ola bilər.
Tərcümə: Könül Oruc