Tibbi xəbərlər
Xəstəliklərin kökü bağırsaqlardan
Tibbi xəbərlər
10

Xəstəliklərin kökü bağırsaqlardan başlayır

Elmi araşdırmalar göstərir ki, bağırsaq yalnız həzm sistemi deyil, insan sağlamlığının mərkəzi tənzimləyici nöqtəsidir. Depressiyadan allergiyaya, otoimmün xəstəliklərdən miqrenə, Alzheimerdən sonsuzluğa qədər bir çox problemin başlanğıc nöqtəsi məhz bağırsaqdır.

E-saglam.az-ın məlumatına görə, Dr. Hüseyn Nazlıkul bağırsağı “ikinci beyin” yox, “emosional beyin” adlandırmağın daha doğru olduğunu bildirir.

Onun sözlərinə görə, bağırsaqlar immun sisteminin qərargahıdır, hormon istehsalında əsas rol oynayır və sinir sisteminin ən böyük periferik şəbəkəsini təşkil edir. Bağırsaq təkcə qidanı həzm etmir, emosional vəziyyətimizi, stressə reaksiyanı və hətta davranış modellərimizi də formalaşdırır.

Bağırsaq divarında təxminən 100 milyon sinir hüceyrəsi var. Bu sistem “enterik sinir sistemi” adlanır və beyindən asılı olmadan da işləyə bilir. Öz reflekslərini yaradır, öyrənir və uyğunlaşır. Ən maraqlısı isə odur ki, beyinlə bağırsaq arasındakı məlumat axınının təxminən 90 faizi bağırsaqdan beyinə doğru gedir. Yəni beyin çox vaxt əmr verən yox, dinləyən tərəf olur.

Bağırsaq florası pozulduqda təkcə həzm deyil, emosional tarazlıq da pozulur. Stressə dözümlülük azalır, narahatlıq və depressiya artır, yuxu problemləri yaranır, immunitet zəifləyir, hormonal balans dəyişir. Buna görə də bağırsaqdakı problem əslində bütün bədənin tənzimləyici sistemində yaranan nasazlıqdır.

Travma, uzunmüddətli kədər, qorxu və emosional gərginlik bağırsaq florasını dəyişir. Bu isə immun sisteminə, iştaha, yuxuya və ümumi sağlamlığa birbaşa təsir edir. Bağırsaq yalnız beynin əmrlərini yerinə yetirən orqan deyil, emosional həyatın aktiv daşıyıcısıdır.

Dr. Nazlıkul bağırsaq sağlamlığını qorumaq üçün əsas tövsiyələr verir. Yalnız nə yediyimizə yox, necə həzm etdiyimizə diqqət etməliyik. Yavaş yemək, yaxşı çeynəmək vacibdir. Liflə zəngin tərəvəzlər, fermentləşdirilmiş qidalar mikrobiotanı gücləndirir. Yuxu müalicənin bir hissəsi kimi qəbul edilməlidir, çünki hormonlar və immun sistemi gecə tənzimlənir.

Şəkər və ultra emal olunmuş qidalar azaldılmalıdır. Bu qidalar bağırsaqda “səssiz iltihab” yaradır və bakteriya balansını pozur. Stress bədəndə saxlanmamalıdır, çünki basdırılmış emosiyalar birbaşa bağırsaq funksiyalarına zərbə vurur.

Su içmək, balanslı qidalanmaq və turşu-qələvi tarazlığı qorumaq da bağırsaq sağlamlığında əsas rol oynayır. Sağlamlıq yalnız xəstəliyin olmaması deyil, bədən, beyin və bağırsağın harmoniyasıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun