Qidalanma
Vitaminləri bərpa etmək üçün
Qidalanma
109

Vitaminləri bərpa etmək üçün ən ucuz və ən təsirli qidalar

Diyetoloq Marina Stepanenko bildirir ki, sağlamlıq üçün mütləq bahalı və ekzotik məhsullara ehtiyac yoxdur. Onun sözlərinə görə, vitamin və mineral çatışmazlığını aradan qaldırmaq üçün büdcəyə uyğun, lakin yüksək qida dəyərinə malik bir sıra qidalar kifayətdir.

E-saglam.az xəbər verir ki, mütəxəssis orqanizmdə vitaminləri bərpa etmək üçün ən əlçatan 5 məhsulu açıqlayıb.

Dəniz yosunu (kəlp) — Yod üzrə əsl liderdir. Cəmi 100 qram gündəlik tələbatı tam qarşılayır. Tərkibində maqnezium, dəmir, kalium və A, E, K, B vitaminləri var. Fukozantin adlı maddələr isə visseral yağın azalmasına kömək edir. Həftədə 2–3 dəfə, əlavəsiz qurudulmuş və ya dondurulmuş formada qəbul edilməsi tövsiyə olunur.

Noxud — Bitki mənşəli zülal və liflə zəngindir. Xolesterolun və qan şəkərinin tənzimlənməsinə müsbət təsir edir. Paxlalıların müntəzəm qəbulu qan təzyiqini aşağı sala bilər. Bişirərkən zirə və ya şüyüd kimi ədviyyatlar əlavə etmək daha rahat həzm etməyə kömək edir.

Kətan toxumu — Omeqa-3 yağ turşuları və güclü antioksidantlarla zəngindir. Ürək, beyin və hormonal balans üçün faydalıdır. Toxumlar istehlakdan əvvəl üyüdülməlidir; alternativ olaraq təmizlənməmiş, soyuq preslənmiş yağdan istifadə etmək olar.

Atlantik siyənəyi — Bahalı qırmızı balıqlara münasib qiymətli alternativdir. Omeqa-3, D vitamini və yüksək keyfiyyətli zülal mənbəyidir. Daha kiçik və az duzlu siyənək seçmək tövsiyə olunur.

Mal əti qaraciyəri — Təbii “multivitamin kompleksi” hesab olunur. Bir porsiya qaraciyər gündəlik vitamin A və B12 tələbatını demək olar ki, tam ödəyir. Həmçinin dəmir, mis, sink və selenlə zəngindir.

Stepanenko yekun olaraq vurğulayır: “Balanslı qidalanma çətin deyil. Şorbaya bir qaşıq dəniz yosunu əlavə etmək və ya səhər sıyığına azca üyüdülmüş kətan toxumu qatmaq kimi kiçik addımlar belə böyük dəyişikliklərin əsasını qoyur”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun