Amerikalı nevroloq Baibing Çen uzun müddət tualetdə oturmağın gözlənilməz və ciddi nəticələr doğura biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, onun açıqlaması Mirror tərəfindən işıqlandırılıb.
Həkimin sözlərinə görə, tualetdə yarım saat və ya daha çox oturmaq, qəfil ayağa qalxarkən huş itkisinə və hətta beyin qanamasına səbəb ola bilər. O, belə bir hadisəni nümunə çəkib: “Bir dəfə tualetdə 30 dəqiqə oturduqdan sonra huşunu itirən 50 yaşlı kişi gördüm. Ayağa qalxdı, yıxıldı və başı dəydi. Məlum oldu ki, beyin qanaması olub,” – deyə həkim bildirib.
Nevroloq izah edir ki, uzun müddət oturmaq qanın ayaqlarda yığılmasına səbəb olur. İnsan qəfil qalxdıqda, qan bədəndə sürətlə yenidən paylanır və bu zaman beyinə kifayət qədər qan getmədikdə huş itkisi baş verə bilər. Risk dərəcəsi içilən suyun miqdarından, vegetativ sinir sisteminin vəziyyətindən və digər fərdi amillərdən asılıdır.
Mütəxəssis vurğulayır ki, tualetə gedərkən çox gərginlik hiss edən şəxslərdə bu risk daha yüksəkdir. Əgər bağırsaq problemi yoxdursa, vanna otağında uzun müddət vaxt keçirməmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc