Uşaqlarda qarın ağrısı çox vaxt sadə səbəblərlə əlaqəli olur, lakin bəzən bu əlamət ciddi, cərrahi müdaxilə tələb edən xəstəliklərin xəbərçisi ola bilər.
E-saglam.az xəbər verir ki, uşaq cərrahı, dosent Dr. Mithat Günaydın qarın ağrısının səbəbləri və invaginasiya kimi təhlükəli hallar barədə əhəmiyyətli məlumatlar verib.
Qarın ağrısı yayda daha tez-tez rast gəlinir
Yüksək temperatur və artan infeksiya riski yay aylarında uşaqlarda qarın ağrısının artmasına səbəb olur. Bu simptomlar çox zaman sidik yolları infeksiyası, ishal və ya parazitlərlə əlaqəlidir və dərmanla müalicə edilə bilər. Lakin bəzi hallarda vəziyyət cərrahi müdaxilə tələb edir. Belə hallar ümumi qarın ağrılarının təxminən 1–3 faizini təşkil edir. Erkən diaqnoz bu nöqtədə həyati əhəmiyyət daşıyır.
İnvaginasiya – körpələrdə təhlükəli hal
İnvajinasiya – bağırsağın bir hissəsinin digər hissəyə doğru içəriyə sürüşməsi halıdır. Körpəlik dövründə daha çox müşahidə olunur və ishaldan sonra inkişaf edə bilər. İnfeksiyalarla zəngin yay mövsümündə bu risk daha da artır.
Əlamətlər:
-
İshal və qusma
-
Qarında kolbasa formasında bərk kütlə
-
Çiyələk jelesinə bənzər qanlı nəcis
Bu simptomlar müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir. Əks halda, bağırsaq qanqrenası baş verə və uşaqda vəziyyət sürətlə ağırlaşa bilər.
Diaqnostika və müalicə:
Diaqnoz üçün qan testləri, rentgen və ultrasəs istifadə olunur. İnvaginasiya aşkarlandıqda ağızdan qidalanma dayandırılır, damar yolu ilə maye və elektrolit verilir, mədə borusu yerləşdirilir.
Əvvəlcə invaginasiyanın özü-özünə açılıb-açılmadığı müşahidə olunur. Əgər bu mümkün deyilsə, radioloq və cərrah birlikdə hidrostatik (su ilə) və ya pnevmatik (hava ilə) reduksiya üsulu tətbiq edir. Əgər bağırsaq zədələnibsə, cərrahi əməliyyat – laparoskopik və ya açıq üsulla – aparılır.
Appendisit – yayda daha çox rast gəlinən digər təhlükə
Appendisit də uşaqlarda yayda daha çox müşahidə olunan cərrahi haldır. Əlamətləri göbək ətrafında başlayan və sağ aşağı hissəyə yayılan ağrıdır. İştahsızlıq, qızdırma və qusma ilə müşayiət oluna bilər. Diaqnoz üçün anamnez, fiziki müayinə, laborator analizlər və ultrasəs müayinəsi aparılır. Müalicə yalnız əməliyyatdır. Əgər appendisit partlamayıbsa, uşaq əməliyyatdan sonra 1–2 günə evə buraxıla bilər.
Valideynlər nəyə diqqət etməlidir?
Yayda qarın ağrısı yaşayan uşaqlarda ciddi xəstəlik riski nəzərə alınmalı, klinik vəziyyət həkim nəzarətində izlənilməlidir. Lazım gəldikdə təkrar müayinələr aparılmalı və şübhəli simptomlarda vaxt itirmədən müdaxilə edilməlidir. Erkən diaqnozla ağırlaşmaların qarşısını almaq mümkündür.
Tərcümə: Könül Oruc