"Tarixə nəzər salsaq, ilk dəfə ürək şişləri haqqında məlumatlara hələ 16-cı əsrin ortalarında rast gəlmək olar. O vaxtlarda bu xəstəlik insan öldükdən sonra yarılma zamanı aşkar edilirdi. Tibbin və texnologiyaların inkişafı nəticəsində ürək xəstəlikləri daha erkən mərhələlərdə aşkarlanmağa başlandı və müalicəsi daha effektiv oldu".
Bu sözləri E-saglam.az-a açıqlamasında "Məlhəm Beynəlxalq Hospitalı"nın Uzman doktoru Anar Həmidov deyib.
O, bildirib ki, günümüzdəki statistikaya görə, ürək və damar xəstəlikləri ölüm səbəbləri arasında dünyada 1-ci yeri tutur. Ölkəmizdə də xüsusilə 40–70 yaş arasında insanlarda bu xəstəliklərə çox rast gəlinir:
"Şəkərli diabet, yüksək qan təzyiqi, azhərəkətli həyat tərzi, tütün məhsullarından istifadə, “fast food” dediyimiz zərərli yeməklərin və “enerji içkilərinin” geniş yayılması, yüksək qan xolesterin miqdarı kimi risk faktorlarının nəzarətdə saxlanılmaması nəticəsində ürək və damar xəstəlikləri günü-gündən “cavanlaşır”".
A.Həmidovun sözlərinə görə, ümumi ürək xəstəlikləri arasında 0,25 % paya sahib olan ürək şişləri tibbdə başqa adla “səssiz qatil”lər adlandırılır:
"Bu şişlərin 75%-i xoşxassəli, 25%-i isə bədxassəlidir. Xoşxassəli şişlər arasında ən çox rast gəlinən miksoma adlı şişdir (təxminən 65%) ki, vaxtında aşkarlanarsa, müalicəsi 100% effektiv olur və tam sağalma müşahidə olunur. Bu xoşxassəli şişə sahib insanların 20%-i ürəyində belə bir təhlükəli problemin olduğunu bilmir.
Həkim qeyd edib ki, anidən yaranan beyin və ya ətraf iflici, bayılmalar, ürək ritmində pozulmalar, oturan zaman artan, lakin uzandıqda azalan boğulma və təngnəfəslik, səbəbi bilinməyən arıqlama, halsızlıq, bədən hərarətinin yüksəlməsi kimi şikayətləri olan insanlara mütləq zaman itirmədən sadə, ucuz, sürətli nəticə verən və ağrısız müayinə üsulu sayılan ürək exokardioqrafiyası (EXO) tövsiyə olunur:
"Bu müayinə ilə şişlər asanlıqla aşkar edilə bilir. Nadir hallarda isə başqa səbəblə çəkilən kompüter tomoqrafiyası (KT) və ya MRT nəticəsində ürəkdə kütlə görünə bilər".
Uzman doktor vurğulayıb ki, günümüzdə miksoma şişinin müalicəsi yalnız cərrahi çıxarılma ilə mümkündür:
"Tam və düzgün şəkildə icra olunan əməliyyatdan sonra şişin təkrar yaranma ehtimalı sıfıra bərabərdir.
Unutmamaq lazımdır ki, vaxtında aşkarlanan hər xəstəliyin müalicəsi mümkündür. Ən yaxşısı isə zərərli vərdişlərdən uzaq durmaq və ildə heç olmasa bir dəfə həkim müayinəsindən keçməkdir".
"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan