Yeriyərkən baldırlarınızda ağrı, sıxılma və ya spazm hiss edirsinizsə, bu, sadəcə yorğunluq deyil, ürək-damar probleminin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, Britaniya Ürək Fondunun mütəxəssisi professor Devid Nyubinin sözlərinə görə, bu əlamətlərə laqeyd yanaşmaq infarkt və ya insult riskini artıra bilər.
Gəzinti, sadə və faydalı bir fiziki fəaliyyət növüdür. Ancaq gəzinti zamanı enerji yerinə ağrı hiss olunursa, bu, periferik arteriya xəstəliyinə işarə edə bilər. Bu xəstəlik damarların daralması və qan dövranının zəifləməsi ilə xarakterizə olunur. Zamanla ürək və beyin kimi vacib orqanlara qan axını pozula bilər ki, bu da həyati risklər yaradır.
Professor xəbərdarlıq edir ki, bu simptomları “yaşlanma” və ya “adi yorğunluq” kimi qəbul etmək olmaz. Əgər bu tip ağrılar davamlıdırsa, vaxtında həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz gələcəkdə ciddi ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edə bilər.
Tərcümə: Könül Oruc