Ürək xərçəngi nadir rast gəlinən, lakin ciddi fəsadlara səbəb ola bilən xəstəliklərdən biridir. Mütəxəssislər bu xəstəliyin əsas təhlükəsinin onun digər ürək problemləri ilə asanlıqla qarışdırılması olduğunu bildirir.
E-saglam.az xəbər verir ki, onkoloq Olen Smalec bildirib ki, ürək xərçəngi çox vaxt ürək çatışmazlığı kimi özünü göstərir. Onun sözlərinə görə, şişlər ürək boşluqlarında qan dövranını pozur, bu isə nəfəs darlığı və bədəndə şişkinlik kimi əlamətlərlə müşahidə olunur.
Mütəxəssis qeyd edir ki, bu simptomlar geniş yayılmış ürək xəstəliklərinə bənzədiyi üçün diaqnozun gecikməsi riski artır. Bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir.
Kardioloq Brivaldo Markman Filho isə vurğulayıb ki, ürək xərçəngi nadir hallarda birbaşa ürəkdə yaranır. Əksər hallarda bu orqandakı bədxassəli şişlər digər orqanlardan yayılmış metastazlar nəticəsində formalaşır. Bununla yanaşı, ürəkdə xoşxassəli şişlər, məsələn miksoma da müşahidə oluna bilər.
Həkimlər bildirir ki, belə hallarda dəqiq və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır. Şübhəli əlamətlər olduqda mütləq tibbi müayinədən keçmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc