
Texnologiyanın zehni qabiliyyətlərimizi zəiflətdiyinə dair narahatlıqlar geniş yayılıb. Lakin yeni araşdırma bu fikirləri təkzib edir: texnologiya ilə təmas yaşlı insanların demans riskini azalda bilər.

E-saglam.az xəbər verir ki, Texas ştatından olan alimlər 50 yaşdan yuxarı 411 mindən çox insanın iştirak etdiyi 57 müxtəlif tədqiqatın məlumatlarını təhlil ediblər. Araşdırmaya Baylor Universitetinin psixoloqu və nevroloqu Maykl Scullin rəhbərlik edib. O bildirir: “Mediada tez-tez texnologiyanın mənfi təsirlərindən danışılır — "rəqəmsal demans" və "beyin çürüməsi" kimi anlayışlara rast gəlirik. Amma bu iddiaların nə qədər əsaslı olduğunu öyrənmək istədik”.
Araşdırmanın nəticələri texnologiyanın idrak funksiyalarına müsbət təsir etdiyini göstərir. Belə ki, texnologiyadan müntəzəm istifadə idrak qabiliyyətinin zəifləmə riskini 58 faiz azaldır. Eyni zamanda, texnoloji bilikləri olan insanların bu sahədə zəifləməsi 26-34 faiz daha az olur.
Bu tədqiqat səbəb-nəticə əlaqəsini deyil, yalnız korrelyasiyanı göstərir. Araşdırmalarda fərqli texnologiya növləri – smartfon, sosial media və digər platformalar – müxtəlif formalarda qiymətləndirilib. Buna baxmayaraq, məşğulluq, təhsil və sosial-iqtisadi vəziyyət kimi dəyişənlər nəzərə alındıqda belə, nəticələr öz gücünü qoruyub.
Texas Universitetinin neyropsixoloqu Jared Benge qeyd edir: “Yaşlı insanları texnologiya ilə qarşılıqlı əlaqəyə təşviq etmək onların psixi sağlamlığını qorumaq üçün güclü bir vasitə ola bilər”.
Beyin üçün stimullaşdırıcı təsir
Araşdırmada texnologiyanın demans riskini azaltma mexanizmləri də təhlil olunub. Yeni tətbiqləri və cihazları öyrənmək beynin fəaliyyətini stimullaşdırır. Bu, yaddaş və diqqət kimi idrak funksiyalarını aktiv saxlayır.
Texnologiyanın sosial əlaqələri gücləndirdiyi də bildirilir. Videozənglər və sosial media vasitəsilə əlaqə saxlamaq tənhalığı azaldır. Qeyd edək ki, əvvəlki tədqiqatlar tənhalığın demans riskini artırdığını göstərmişdi.
Bundan əlavə, texnologiya yaşla əlaqəli zəifləyən zehni funksiyaları kompensasiya edən dəstək mexanizmləri təklif edir. Dərmanların vaxtında qəbulu üçün xatırlatmalar, həkim təyinatlarının izlənməsi kimi alətlər insanların daha uzun müddət müstəqil yaşamasına imkan verir.
Bütün bunlar göstərir ki, texnologiyaya düzgün yanaşma zehni sağlamlıq üçün faydalı ola bilər. Maykl Scullin sonda əlavə edir: “Əgər texnologiyadan çəkinən valideyn və ya baba-nənəniz varsa, bir daha düşünün. Onlara səbir və anlayışla yanaşmaqla uzunmüddətli sağlamlıqlarına töhfə verə bilərsiniz”.
Tərcümə: Könül Oruc