Soyuqdəymə adətən yüngül keçsə də, bəzi hallarda gözlərlə bağlı ciddi problemlərə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, bu barədə “Zrenie” oftalmologiya mərkəzinin həkimi Anna Toltayeva məlumat verib.
Onun sözlərinə görə, burun axıntısı zamanı burun və sinusların selikli qişası şişir və bu, kiçik damarlarda qan dövranının pozulmasına səbəb ola bilər. Nəticədə trigeminal sinirin şaxələri qıcıqlanır və sinusların alt hissəsi daralır. Bu dəyişikliklər göz yuvasında və alın nahiyəsində təzyiq hissi yarada bilər.
Mütəxəssis qeyd edib ki, bu vəziyyət bəzi insanlarda göz qapaqlarının yüngül şişməsi, göz yaşının artması və göz ətrafında təzyiq hissi ilə müşahidə olunur. Bəzən isə burun axıntısı görmənin müvəqqəti bulanıqlaşmasına səbəb ola bilər ki, bu da çox vaxt göz yaşı təbəqəsinin quruması ilə əlaqələndirilir.
Lakin həkim xəbərdarlıq edir ki, bəzi əlamətlər ortaya çıxarsa, vəziyyət daha ciddi ola bilər. Göz hərəkəti zamanı ağrı, güclü işığa həssaslıq, yüksək hərarət, gözün kəskin qızarması və irinli axıntı kimi simptomlar müşahidə olunarsa, dərhal həkimə müraciət etmək lazımdır.
Toltaevanın sözlərinə görə, mürəkkəb sinusit hallarında göz yuvasının toxumalarının iltihabı inkişaf edə bilər. Daha nadir və təhlükəli variant isə kavernoz sinus trombozudur. Bu vəziyyət təcili tibbi müdaxilə tələb edir və vaxtında müalicə olunmazsa sinir zədələnməsi və hətta görmə itkisi ilə nəticələnə bilər.
Tərcümə: Könül Oruc