Ana-ata olmaq arzusu insanların həyatındakı ən dərin və təbii istəklərdən biridir. Yeni bir həyatın dünyaya gəlməsini gözləmək böyük həyəcan və sevinc gətirsə də, bəzən bu proses düşündüyümüz qədər asan olmur. Aylarla, bəzən illərlə alınmayan nəticələr həm fiziki, həm də psixoloji cəhətdən yorucu ola bilər. Sonsuzluq yalnız tibbi məsələ deyil, həm də ailə münasibətlərinə, emosional vəziyyətə və sosial mühitə təsir edən bir vəziyyətdir.
E-saglam.az Uzman-ginekoloq Zivər Eldarovanın sonsuzluqla bağlı məqaləsini təqdim edir.
Tibbi dildə sonsuzluq müntəzəm və qorunmasız cinsi əlaqəyə baxmayaraq müəyyən müddət ərzində hamiləliyin baş tutmamasıdır. Əgər qadın 35 yaşdan kiçikdirsə, bu müddət 12 ay, 35 yaşdan yuxarıdırsa 6 ay olaraq qəbul edilir. 40 yaşdan sonra və ya əvvəlcədən risk faktorları mövcuddursa, həkimə müraciəti gecikdirmək olmaz.
Sonsuzluğun səbəbləri həm qadın, həm də kişilərlə bağlı ola bilər. Qadınlarda ən çox yumurtlama pozuntusu, polikistik yumurtalıq sindromu (PKOS), hormonal problemlər, tiroid xəstəlikləri və prolaktin yüksəkliyi rast gəlinir. Keçirilmiş infeksiyalar və əməliyyatlardan sonra boruların zədələnməsi, uşaqlıq daxilində polip və miomalar, endometrioz və yaşla birlikdə yumurtalıq rezervinin azalması da mühüm amillərdəndir. Kişilərdə isə ən çox sperma keyfiyyətində pozuntular müşahidə olunur. Varikosel, hormonal disbalans, genetik anomaliyalar, infeksiyalar və bəzi dərmanların istifadəsi sperma göstəricilərinə mənfi təsir edə bilər. Statistikaya görə, sonsuzluq hallarında qadın və kişi faktorlarının payı demək olar ki, bərabərdir.
Müayinə prosesində hər iki tərəfin paralel şəkildə yoxlanılması vacibdir. Kişilərdə sperma analizi aparılır, qadınlarda isə hormonal testlər, yumurtalıq rezervini ölçən analizlər və ginekoloji ultrasəs müayinəsi edilir. Uşaqlıq və boruların vəziyyətini qiymətləndirmək üçün histerosalpinqoqrafiya üsulundan istifadə olunur.
Müalicə mərhələli şəkildə aparılır. İlk addımda həyat tərzi dəyişiklikləri – çəkini normallaşdırmaq, siqaret və alkoqoldan imtina etmək, fol turşusu qəbul etmək və ovulyasiyaya uyğun vaxtda əlaqədə olmaq tövsiyə edilir. Əgər problem yumurtlama ilə bağlıdırsa, dərmanlarla stimullaşdırma tətbiq olunur. Borular açıqdırsa və sperma göstəriciləri qənaətbəxşdirsə, aşılama (IUI) üsulu sınanır. Bütün bu cəhdlər nəticəsiz qalarsa və ya daha ciddi faktorlar aşkar olunarsa, süni mayalanma (IVF) mərhələsinə keçilir.
Sonsuzluq bədəni sınağa çəkdiyi qədər ruh halına da təsir edir. Hər ay alınmayan nəticə cütlüyün ümidini azalda, özünəinamı zəiflədə bilər. Təəssüf ki, bəzi hallarda qadın daha çox günahlandırılır. Halbuki bu problem hər iki tərəfi eyni dərəcədə maraqlandırır və ən doğru yanaşma günahlandırmaq yox, anlayış və dəstək göstərərək birgə mübarizə aparmaqdır.
Ən önəmlisi, sonsuzluq “ümidsizlik” demək deyil. Bu sadəcə bir prosesdir və düzgün yanaşma ilə çox vaxt nəticəyə çatmaq mümkündür. Müasir tibbin imkanları sayəsində minlərlə ailə övlad sevinci yaşayır. Vaxtında həkimə müraciət etmək, səbəbi düzgün müəyyənləşdirmək və müalicə planına inanaraq davam etmək çox vaxt uğurlu nəticə verir. Hər bir cütlüyün hekayəsi fərqlidir, amma ümid işığı hər zaman var.
Həkimlə əlaqə: 055 588 07 27
İnstagrama keçid: https://www.instagram.com/uzm.dr.zivareldarova?igsh=cDJhbDZmMnloOWZu