Tez-tez qarında şişkinlik hiss edən insanlar üçün ağ çörəyi fərqli növlərlə əvəz etmək faydalı ola bilər.
E-saglam.az xəbər verir ki, qastroenteroloq Dr. Cozef Salhab bu barədə "Huffington Post" nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, bəzi insanlarda şişkinliyin səbəbi buğdaya və ya qlütenə qarşı həssaslıq ola bilər. Bu halda çörək seçimində dəyişiklik etmək həzm sisteminin rahatlamasına kömək edə bilər.
1. Cücərmiş taxıldan hazırlanan çörək
Dr. Salhab bildirir ki, cücərmə prosesi qlütenin və taxılın bəzi komponentlərinin parçalanmasına kömək edir. Bu isə bəzi insanlarda şişkinlik riskini azalda bilər.
2. Kətan toxumu çörəyi
Üyüdülmüş kətan toxumundan hazırlanan çörək lif və omeqa-3 yağ turşuları ilə zəngindir. Bu qidalar bağırsaq fəaliyyətini dəstəkləyir və həzmi yaxşılaşdırmağa kömək edə bilər.
3. Təbii mayalı çörək
Təbii maya və süd turşusu bakteriyaları ilə hazırlanan mayalı çörək də daha yaxşı seçim hesab olunur. Fermentasiya prosesi zamanı qlütenin və şişkinliyə səbəb ola bilən fruktanların bir hissəsi parçalanır. Buna görə də bu növ çörək bəzi insanlarda daha rahat həzm olunur.
Şişkinlik davam edərsə...
Mütəxəssis vurğulayır ki, şişkinlik davamlı xarakter alırsa, bunu yalnız çörəklə əlaqələndirmək düzgün deyil. Bu əlamət qlüten həssaslığı, qida dözümsüzlüyü və ya digər həzm sistemi problemlərinin göstəricisi ola bilər. Belə hallarda qastroenteroloqa müraciət etmək və səbəbi dəqiqləşdirmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc