Tibbi xəbərlər
Siqareti tərgitməyin təsirli bir yolu
Tibbi xəbərlər
112

Siqareti tərgitməyin təsirli bir yolu müəyyən edilib

Pulmonoloq Nadejda Leonidova elektron siqaretlərdən və veyplərdən imtinanın praktik yolları barədə danışıb.

E-saglam.azı xəbər verir ki, onun sözlərinə görə, adi siqaret tüstüsünün zərərli təsirləri artıq yaxşı öyrənilsə də, veypinqin sağlamlığa uzunmüddətli təsiri hələ tam araşdırılmayıb. Bununla belə, həyati təhlükə yarada bilən kəskin ağciyər zədələnməsi ilə müşayiət olunan EVALI sindromunun mövcudluğu artıq sübut olunub.

Həkim vurğulayıb ki, vərdişdən qurtulmaq üçün dəqiq və planlı yanaşma vacibdir. İlk növbədə insan öz motivasiyasını, yəni siqareti və ya veypi niyə tərgitmək istədiyini müəyyən etməlidir. Daha sonra konkret bir tarix seçilməli, cihazlar və mayelər əvvəlcədən mühitdən uzaqlaşdırılmalıdır. Ən əsası isə yenidən çəkmək istəyi yarandıqda nə edəcəyiniz barədə əvvəlcədən plan qurmaq lazımdır.

Leonidova belə hallarda veyp çəkməyi fiziki fəaliyyətlə, qısa gəzinti ilə və ya nəfəs məşqləri ilə əvəz etməyi tövsiyə edir. Bu üsullar həm diqqəti yayındırır, həm də stressi azaltmağa kömək edir.

Pulmonoloq qeyd edib ki, siqareti tərgitməyin iki yolu var: ya birdən-birə tam dayandırmaq, ya da tədricən nikotin dozasını və ya inhalyasiyaların sayını azaltmaq. Hər iki üsul effektiv ola bilər, əsas məsələ insanın özünə uyğun olan yolu seçməsidir.

O, həmçinin həkimlə məsləhətləşməklə nikotin istəyini azaltmaq üçün dərman vasitələrindən də istifadə oluna biləcəyini bildirib. Abstinensiya simptomlarının adətən ikinci və ya üçüncü gündə ən yüksək həddə çatdığını və bir neçə həftə ərzində tədricən azaldığını vurğulayıb.

Leonidovanın sözlərinə görə, bu mərhələ müvəqqətidir və səbrlə yanaşıldıqda orqanizm tədricən nikotinsiz həyata uyğunlaşır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun