Qidalanma
Saqqızın gözlənilməz faydaları
Qidalanma
136

Saqqızın gözlənilməz faydaları məlum olub

Saqqız çeynəmək əsrlərdir davam edən bir vərdişdir, lakin müasir elm onun beyinə təsirinin düşündüyümüzdən daha dərin olduğunu ortaya qoyur.

E-saglam.az xəbər verir ki, Polşadakı Şetsin Universitetinin tədqiqatçıları tərəfindən 2025-ci ildə aparılan geniş araşdırma saqqızın yalnız ağız hərəkəti olmadığını, eyni zamanda stress və diqqət mərkəzlərinə birbaşa təsir etdiyini göstərib.

30 illik elmi məlumatlar, MRT və EEG kimi qabaqcıl neyrogörüntüləmə üsulları ilə birlikdə təhlil edilib. Nəticələrə görə, saqqız çeynəmək təkcə motor və sensor sahələri deyil, diqqət, ayıqlıq və emosional nəzarətə cavabdeh olan daha yüksək beyin bölgələrini də aktivləşdirir. Bu təsir beyində “zehni canlanma” yaradan bir növ təbii stimullaşdırıcı kimi qiymətləndirilir.

Araşdırmalar göstərib ki, saqqız xüsusilə orta səviyyəli stress zamanı sakitləşdirici təsir göstərir. İctimaiyyət qarşısında çıxış edən və ya çətin zehni tapşırıqlar yerinə yetirən şəxslər saqqız çeynədikdə daha rahat və sakit qalırlar. Lakin çox yüksək narahatlıq yaradan tibbi vəziyyətlərdə, məsələn, əməliyyat öncəsi gərginlikdə bu təsirin eyni dərəcədə güclü olmadığı vurğulanır.

Saqqız diqqəti qısa müddətlik artırsa da, yaddaşı möcüzəvi şəkildə gücləndirmir. Aparılan testlərdə saqqız çeynəyən şəxslərin söz və ya mətnləri xatırlama səviyyəsinin digərlərindən ciddi şəkildə fərqlənmədiyi müşahidə olunub. Həmçinin diqqəti artıran təsirin çeynəmə dayandırıldıqdan sonra tez bir zamanda azaldığı qeyd edilir.

Saqqızın tarixi də olduqca maraqlıdır. Arxeoloji tapıntılara görə, insanlar 8000 il əvvəl Skandinaviyada ağcaqayın qətranını çeynəyiblər. Qədim Yunan və Maya mədəniyyətlərində isə ağac qatranı sakitləşdirici vasitə kimi istifadə olunub. 20-ci əsrdən etibarən saqqız həm rahatladıcı, həm də diqqət artırıcı məhsul kimi geniş yayılıb.

Mütəxəssislər bildirirlər ki, saqqızın beyinə təsiri qısamüddətli və vəziyyətdən asılıdır. Buna baxmayaraq, sadə və əlçatan bir vərdiş olaraq, stressi azaltmaq və diqqəti müvəqqəti də olsa toplamaq üçün faydalı bir vasitə sayıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun