Qulaq qaşınması adətən adi bir narahatlıq kimi qəbul edilsə də, uzun müddət davam edərsə ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər. Mütəxəssislər bildirirlər ki, bu hal diqqətdən kənarda qalmamalıdır.
E-saglam.az xəbər verir ki, qaşıntının əsas səbəbləri arasında qulaq kanalı infeksiyaları, göbələk infeksiyaları və qulaq kirinin yığılması var. Xüsusilə hovuz suyu qulaqda toplanaraq infeksiyaya səbəb ola bilər. Həmçinin, qulaq kiri düzgün təmizlənmədikdə qaşıntıya yol aça bilər. Pambıq çubuqlardan istifadə isə kirin daha dərinə itələnməsinə və narahatlıq hissinin artmasına səbəb ola bilər.
Bəzi dəri xəstəlikləri, məsələn, ekzema və sədəf də qulaqda qaşıntıya səbəb ola bilər. Allergik reaksiyalar da qulaqda qıcıqlanma yarada bilər. Qulaq qaşınmasının qarşısını almaq üçün düzgün təmizləmə üsulları tətbiq edilməlidir. Pambıq çubuqların həddindən artıq istifadəsi qulaq kanalının qurumasına və qaşıntının artmasına səbəb ola bilər.
Qaşıntını aradan qaldırmaq üçün bəzi təbii üsullardan istifadə edilə bilər. Məsələn, bir neçə damcı alma sirkəsi və ya duzlu su qulağın təmizlənməsinə kömək edə bilər. Lakin bu üsulları tətbiq etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək vacibdir.
Əgər qaşıntı uzun müddət davam edirsə, ağrı, qanaxma və ya eşitmə itkisi müşahidə olunursa, dərhal qulaq-burun-boğaz həkiminə müraciət edilməlidir. Uzun müddət davam edən qulaq qaşınmaları ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər və mütəxəssis müdaxiləsi tələb edə bilər.
Tərcümə: Könül Oruc