Tibbi xəbərlər
Qızdırması olan uşağı buzlu su ilə çimizdirmək olarmı?
Tibbi xəbərlər
127

Qızdırması olan uşağı buzlu su ilə çimizdirmək olarmı? Düzgün ilkin yardım və valideynlərin etdiyi səhvlər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qızdırması olan uşağa buzlu və ya həddindən artıq soyuq su ilə duş vermək düzgün deyil. Bu üsul qızdırmanı salmaq əvəzinə, bədənin müdafiə reaksiyasını gücləndirə və temperaturun daha da artmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Medical Park Pendik Xəstəxanasının Uşaq sağlamlığı və xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Ahmet Sami Yazar bildirir ki, uşaqlarda 38°C və daha yüksək qızdırma artıq diqqət tələb edir. 38–38.5°C yüngül, 39°C-dən yuxarı isə yüksək qızdırma sayılır. 40°C və üzəri isə təcili tibbi müayinə tələb edən vəziyyətdir. Xüsusilə 3 aydan kiçik körpələrdə 38°C belə ciddi hesab olunur və dərhal həkimə müraciət edilməlidir.

Qızdırmanın ən yayılmış səbəbi virus infeksiyalarıdır. Bakterial infeksiyalar daha az rast gəlinir, lakin daha təhlükəlidir. Peyvənddən sonra qısa müddətli yüngül qızdırma normal sayılır, diş çıxarma zamanı da temperatur azca arta bilər.

Mütəxəssis qeyd edir ki, qızdırma bədənin infeksiyaya qarşı təbii müdafiə mexanizmidir. Hər qızdırma təhlükəli deyil. Ancaq çox yüksəldikdə uşağı narahat edir, maye itkisinə səbəb olur və bəzi hallarda qızdırmalı tutma riskini artırır.

Ən ciddi səhvlərdən biri uşağa buzlu su ilə duş verməkdir. Soyuq su bədəndə titrəmə yaradır, bu isə qızdırmanın daha da yüksəlməsinə səbəb ola bilər. Spirtlə silmək və buz tətbiqi də qətiyyən tövsiyə edilmir. İlıq duş yalnız qızdırma dərmanından sonra temperatur düşməyə başladığı zaman və uşaq üşümədiyi halda faydalı ola bilər.

Qızdırma zamanı evdə düzgün ilk yardım belə olmalıdır:

- Uşağın üzərindən artıq paltar çıxarılmalıdır.
- Otaq temperaturu 21–23°C civarında saxlanmalıdır.
- Bol maye verilməlidir: su, ana südü, ayran, şirələr.
- Həkimin tövsiyə etdiyi dozada qızdırmasalıcı dərman istifadə oluna bilər.
- Uşaq istirahət etməli, yeməyə məcbur edilməməlidir.

Valideynlərin ən çox etdiyi səhvlər:

- Uşağı qalın geyindirmək və ya yorğana bürümək.
- Buzlu su ilə duş vermək.
- Həkim məsləhəti olmadan antibiotik başlamaq.
- Tez-tez və nəzarətsiz qızdırmasalıcı dərman vermək.
- Uşağı tam soyundurub üşüməsinə səbəb olmaq.

Mütəxəssislər vurğulayır ki, düzgün yanaşma uşağı həm daha tez rahatladır, həm də riskləri minimuma endirir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun