Dermatoloq Jenny Davalos Marin bildirib ki, atopik dermatit, qaşınma, ürtiker və psoriaz kimi dəri xəstəliklərində qaşınma çox yayğındır. Lakin Cuidate Plus-un məlumatına görə, bu simptom bəzən dəri ilə əlaqəsi olmayan daha ciddi xəstəliklərin də gizli göstəricisi ola bilər.
E-saglam.az xəbər verir ki, Marinin sözlərinə görə, davamlı qaşınma qaraciyər problemlərinə, o cümlədən birincili biliar sirroza işarə edə bilər. Həkim qeyd edib ki, eyni simptom xroniki böyrək çatışmazlığı və qalxanabənzər vəzi xəstəliklərində də müşahidə olunur.
Qaşınmanın digər mümkün səbəblərinə neyroendokrin şişlər, limfoma, diabet və həmçinin bəzi dərmanlar (antibiotiklər, antidepressantlar, antihipertenziv preparatlar) daxildir.
Marin əlavə edib ki, qaşınma bəzən stress nəticəsində də yaranır: “Stressdən qaynaqlanan qaşınma həyatın istənilən mərhələsində meydana çıxa bilər, lakin xüsusilə 15–40 yaş arası qadınlarda daha çox rast gəlinir”, – deyə o bildirib.
Həkim xəbərdar edir ki, uzun müddət davam edən və müalicə olunmayan qaşınma narahatlıq və depressiyaya gətirib çıxara bilər.
Tərcümə: Könül Oruc