Tibbi xəbərlər
Qaraciyər xəstəliyinin gizli əlamətləri -
Tibbi xəbərlər
41

Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı

Qaraciyər "səssiz orqan" adlanır - problemlər yarananda belə uzun müddət heç bir ağrı hiss etmədən qala bilər. Lakin xəstəlik özünü incə əlamətlərlə büruzə verir.

E-saglam.az xəbər verir ki, tibb elmləri doktoru, professor Mixail Koryakin bu barədə ətraflı məlumat paylaşıb.

Mütəxəssisə görə, qaraciyər toxumasında ağrı reseptorları yoxdur - ağrıyan orqanın özü deyil, dartıldıqda onun kapsulasıdır. Bu səbəbdən erkən mərhələlərdə simptomlar çox vaxt qeyri-spesifik xarakter daşıyır və yorğunluq və ya yüngül zəhərlənmə kimi qəbul edilir.

Professor subyektiv əlamətlər sırasında zəiflik, yorğunluq, əsəbilik və yuxu pozğunluqlarını - gündüz yuxululuq və gecə yuxusuzluğunu - qeyd edib. Bunlarla yanaşı, iştahın azalması, səhər ürəkbulanması, ağızda acı dad, yağlı qidalara dözümsüzlük, sağ yuxarı hissədə ağırlıq hissi və gecələr güclənən qaşınma da narahedici əlamətlər sırasındadır. Tünd pivə və ya tünd çay rəngini xatırladan sidik də xəbərdarlıq əlaməti sayılır - çalxalandıqda köpüyün sarıya çevrilməsi onu sadə susuzlaşmadan fərqləndirir.

Obyektiv əlamətlər arasında sarılıq - ən erkən əlamət olan skleranın saralması -, dəridə hörümçək damarları, ovuclarda simmetrik qızartı, böyümüş qaraciyər və dalaq, qarında maye yığılması yer alır. Bəzi hallarda nəfəsdə çiy qaraciyər və ya yetişmiş meyvəni xatırladan xoşagəlməz qoxu da yarana bilər.

Laboratoriya müayinələrində ALT və AST fermentlərinin yüksək səviyyəsi, eləcə də sidikdə bilirubin aşkarlanması - normalda bu maddə sidikdə olmur - qaraciyər problemlərinin əsas göstəriciləridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun