Qidalanma
Qanınızdakı kofein bədən çəkisi və diabet riskinə
Qidalanma
162

Qanınızdakı kofein bədən çəkisi və diabet riskinə təsir edə bilər - ARAŞDIRMA

Yeni elmi araşdırma kofeinin sağlamlığa təsirləri ilə bağlı maraqlı nəticələr ortaya qoyub.

E-saglam.az xəbər verir ki, alimlər bildirirlər ki, qandakı kofein səviyyəsi insanın bədən yağının miqdarı ilə sıx bağlıdır. Daha yüksək kofein konsentrasiyası aşağı bədən kütləsi indeksi (BMI) ilə əlaqələndirilir və bu da öz növbəsində tip 2 diabet riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqat 2023-cü ildə İsveçdəki Karolinska İnstitutu, Bristol Universiteti və London İmperial Kollecinin alimləri tərəfindən aparılıb. Onlar 10 mindən çox insanın genetik məlumatlarını təhlil edərək kofeinin parçalanma sürətini müəyyən edən genlərə diqqət yetiriblər. Məlum olub ki, kofeini daha yavaş parçalaya bilən insanlarda qanda bu maddə daha uzun müddət qalır və bunun nəticəsində onların bədən çəkisi və yağ faizi daha aşağı olur.

Mütəxəssislər qeyd edirlər ki, kofeinin təsiri bədənin istilik istehsalını (termogenezi) və yağların enerjiyə çevrilməsini (yağ oksidləşməsini) sürətləndirməsi ilə bağlı ola bilər. Bu isə maddələr mübadiləsinə birbaşa təsir göstərir. Araşdırma həmçinin göstərib ki, kofeinin diabet riskinə təsirinin təxminən yarısı məhz bədən çəkisinin azalması ilə əlaqədardır.

Bununla belə, alimlər ehtiyatlı davranmağa çağırırlar. Çünki kofein orqanizmə müsbət təsirlərlə yanaşı, yuxusuzluq, əsəbilik, ürəkdöyünmə kimi mənfi təsirlər də göstərə bilər. Bundan əlavə, uzunmüddətli təsirləri barədə kifayət qədər məlumat yoxdur və səbəb-nəticə əlaqəsini tam təsdiqləmək üçün əlavə klinik sınaqlara ehtiyac var.

Buna baxmayaraq, araşdırma kofeinli, amma kalorisiz içkilərin – məsələn, şəkərsiz qəhvə və ya çayın – piylənmə və diabet riskinin azaldılmasında potensial vasitə ola biləcəyini göstərir. Alimlər hesab edirlər ki, gələcəkdə bu istiqamətdə aparılacaq daha geniş araşdırmalar qida vərdişlərimizin sağlamlığa təsirini daha aydın şəkildə üzə çıxara bilər.

Araşdırmanın nəticələri BMJ Medicine jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Taglər


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun